Accessibility links

Azərbaycanlı jurnalist Gürcüstan hökumətindən Avropa Məhkəməsinə şikayət edib


Əfqan Muxtarlı
Əfqan Muxtarlı

Hazırda Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstan hökumətindən onun ölkəyə daxil olmasına imkan verilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət edib.

“Vəkillərim Gürcüstana səfərimə maneə törədilməsi barədə AİHM-ə artıq şikayət göndərdilər,” jurnalist Facebook səhifəsində yazıb.

Muxtarlı hesab edir ki, Gürcüstan hakimiyyəti onun Tbilisiyə gəlməsinə və 2017-ci ilin yazında oğurlanması ilə bağlı istintaq çərçivəsində dindirilməsinə qəsdən müdaxilə edir. Almaniyada siyasi sığınacaq alan jurnalist, bir ildən çoxdur ki, oğurlanaraq Azərbaycana aparıldığı marşrutunu aydınlaşdırmaq üçün Gürcüstan prokurorluğuna gəlməyə çalışdığını iddia edir.

Jurnalist koronavirus pandemiyası səbəbindən tətbiq olunan qaydaları əsas gətirərək 2020-ci ilin oktyabrında Berlin-Tbilisi reysinə buraxılmadığını xatırladır.

“Ötən dəfə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze mənim seçkiöncəsi dövrdə Gürcüstana səfərimin siyasi qarşıdurma yaradacağını söylədi. Cəfəngiyat! Seçkilər bitdi. Növbəti bəhanə nədir? Gürcüstan hakimiyyəti mənim qaçırılmağımla əlaqəli olmasaydı, lazımi araşdırma üçün Tbilisiyə gəlməyimə icazə verərdi,” jurnalist yazır.

29 may 2017-ci ildə araşdırmaçı jurnalist Əfqan Muxtarlı Tbilisidəki mənzilindən çıxaraq geri qayıtmayıb. Həmin gün həyat yoldaşı Leyla Mustafayeva ərinin qaçırıldığını və Bakıya aparıldığını söyləyib, buna görə Azərbaycan və Gürcüstan təhlükəsizlik xidmətlərini günahlandırıb.

Ertəsi gün Muxtarlı Azərbaycan hüquq mühafizə orqanlarının müşayiəti ilə Bakıya aparılıb. Sərhədi qanunsuz keçməkdə və külli miqdarda pul daşımaqda günahlandırılıb.

Muxtarlı ittihamları qəbul etməyib.

ABŞ, Avropa Birliyi və ATƏT jurnalistin həbsini pisləyən bəyanatlarla çıxış edib. Amnesty International insan haqları təşkilatı jurnalisti “vicdan məhbusu” elan edib və Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun işinə prioritet status verib.

Muxtarlı yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Jurnalist üç ilə yaxın həbsdə qalıb və 2020-ci ilin martında həbsdən azad edilib. Həbsdən dərhal sonra Muxtarlı həyat yoldaşı Leyla Mustafayeva və övladının 2019-cu ildən yaşadığı Almaniyaya yola salınıb.

AİHM artıq jurnalistin qaçırılması ilə bağlı şikayəti araşdırmağa başlayıb - 2018-ci ildə Muxtarlının vəkilləri Gürcüstan və Azərbaycana qarşı müvafiq iddia ilə Strasburq məhkəməsinə şikayət edib.

XS
SM
MD
LG