Accessibility links

Azərbaycanlı professorun tələbəsi Çaykovski müsabiqəsinin qalibi oldu


Rəna Mustafabəyli və Aleksandr Kantorov
Rəna Mustafabəyli və Aleksandr Kantorov

Moskvada keçirilən Çaykovski adına 16-cı Beynəlxalq Musiqi Müsabiqəsində Paris konservatoriyasının professoru Rəna Mustafabəyli Şereşevskayanın tələbəsi Aleksandr Kantorov birinci mükafata layiq görülüb. İkinci mükafat rusiyalı pianoçu Dmitri Şişkin və yaponiyalı pianoçu Mao Fudzitaya verilib. Amerikalı Kennet Broberq və Rusiyadan iki pianoçu-Konstantin Yemelyanov və Aleksey Melnikov müsabiqədə üçüncü, çinli pianoçu An Tyansu isə dördüncü mükafata layiq görülüblər.

22 yaşlı Aleksandr Kantorov Parisin tanınmış Ecole Normale de musque de Paris konservatoriyasında professor Mustafabəyli Şereşevskayanın sinfində musiqi təhsili alır. O, 16 yaşından prestijli musiqi festivallarında çıxış edir.​

Aleksandr Kantorov
Aleksandr Kantorov

Bu, ilk dəfə deyil ki, Rəna xanımın yetişdirməsi Çaykovski festivalının qalibi olur. Dörd il bundan əvvəl Çaykovski adına 15-ci Beynəlxalq Musiqi Müsabiqəsində professor Mustafabəyli Şereşevskayanın daha bir tələbəsi, müsabiqənin sensasiyası adlandırılmış Lüka Debarq dördüncü mükafata layiq görülmüşdü.

Rəna Mustafabəyli
Rəna Mustafabəyli

Rəna Mustafabəyli Şereşevskaya tanınmış musiqi pedaqoqu və konsertmeysterdir. O, Bakıda anadan olub, ilk musiqi təhsilini Bülbül adına musiqi məktəbində alıb, sonradan təhslilini Moskva konservatoriyasında davam etdirib. Rəna Mustafabəyli Şereşevskaya hazırda Paris konservatoriyasında dərs deyir.

Pyotr İliç Çaykovski adına Beynəlxalq Musiqi Müsabiqəsi 1958-ci ildən keçirilir. Klassik musiqi aləminin ən mühüm tədbirlərindən biri hesab edilən bu müsabiqənin ilk qalibi amerikalı pianoçu Van Klaybern olub.

Bu il dünya ölkələrindən milyonlarla insan piano, skripka, violonçel, nəfəsli alətlər və səs kateqoriyaları üzrə keçirilən müsabiqə iştirakçılarının çıxışlarını Medici TV musiqi tele-kanalı vasitəsilə Moskva və Sank Peterburqdan canlı izləmək imkanı əldə edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG