Accessibility links

Azərbaycanlı siyasi mühacirlər Angela Merkelin iqamətgahı önündə etiraz aksiyası keçirib


İyunun 11-də Azərbaycandan olan bir qrup siyasi mühacir Berlində Almaniya bundeskansleri Angela Merkelin iqamətgahı önündə “Polis zorakılığına son!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə etiraz aksiyası keçirib.

Aksiya iştirakçıları Azərbaycan hökumətini vətəndaşlara qarşı polis zorakılığına son qoymağa, karantin rejimindən istifadə edərək müxalifətə qarşı təqibləri dayandırmağa və siyasi məhbusları azad etməyə çağırıb.

Əfqan Muxtarlı aksiyada çıxış edir
Əfqan Muxtarlı aksiyada çıxış edir

Çıxışlarda iyunun 8-də Çevik Polis Alayının əməkdaşlarının Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində qanunsuz olaraq evlərə soxulması, vətəndaşları təhqir etməsi, həddən artıq güc tətbiq etməsi, polis bölməsində insanlara işgəncələr verilməsi pislənilib. Qanunu pozanlara qarşı cinayət işinin qaldırılmasını tələb edilib.

Aksiyada iştirak edən siyasi mühacir, keçmiş vicdan məhbusu, araşdırmaçı jurnalist Əfqan Muxtarlı bildirib ki, onlar Almaniya hökümtindən diktatorlara olan münasibətə yenidən baxılmasını tələb edirlər.

“Hesab edirik ki, Almaniya kimi dünyanın aparıcı dövlətləri İlham Əliyev kimi anti-demokratik rejimlərlə əməkdaşlıq etməməlidir. Bu əməkdaşlığa son qoyulmalıdır. Avropa Birliyi neft-qaz məsələlərinə görə Azərbaycanda baş verən antidemokratik hərəkətlərə, insanların kütləvi şəkildə döyülməsinə, həbs edilməsinə biganə olmamalıdır. Azərbaycana qarşı sanksiyalar tətbiq olunmalıdır,“ o qeyd edib.

İyunun 7-də səhər saatlarında Çevik Polis Alayı əməkdaşları Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binanın həyətinə gəlib.
Sakinlərin yerli mediaya verdiyi məlumata görə, polislər binada yaşayan bir neçə nəfəri saxlayıb. Sakinlər deyir ki, polis adı çəkilən binanın bloklarına daxil olaraq sakinləri evlərindən zorla aparıb. Sosial şəbəkələrdə polislərin qanunsuz hərəkətləri əks olunmuş videolar yayılıb.

"Azərbaycanda polis vəhşiliklərinin həddi-hüdudu yoxdur. Əliyev rejimi dünyanın global pandemeya təhlükəsi ilə üz-üzə olduğu bir zamanda öz xalqına qarşı polis dəyənəyini işə salmışdır,” Milli Şuranın yaydığı bəyanatda bildirilir. “Azərbaycanda ailə-feodal rejimi bərqərar edildiyindən kleptokratik, korrupsioner Əliyev hakimiyyəti Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, təhlükəsizlik və məhkəmə orqanlarını xalqı əzmək alətinə çevirmişdir,” bəyanatda deyilir

Müxalifət xarici səfirliklərə müraciət edərək onları insan haqlarını pozan Azərbaycan rəsmilərinə viza verməməyə çağırıb.

“Bu natəmiz əməllərdə iştirak etmiş Azərbaycan məmurlarını öz ölkələrinizə buraxmayın, dinc vətəndaşlara qarşı zor tətbiq edən, işgəncə verən polis işçilərinə, saxta iddiaları müdafiə edən prokurorlara, məhkəmələri cəza orqanına çevirən hakimlərə, bütün bu qanuna zidd əməllərə göstəriş verən prezident aparatının rəsmilərinə, işgəncə faktını müdafiə edən deputatlara, jurnalistlərə ilk addım kimi viza verməyin, belə natəmiz əməl törədənləri öz ölkənizə buraxmayın, onların öz xalqının qanına bulamış, öz xalqına dəyənək qaldırmış çirkli əllərini sıxmayın,” bəyanatda bildirilir.

XS
SM
MD
LG