Accessibility links

Azərbaycanlılar Bonn şəhərindəki Rusiya konsulluğu qarşısında aksiya keçirib


İyunun 22-də mühacirətdə olan bir qrup azərbaycanlı Rusiyanın Almaniyanın Bonn şəhərindəki konsulluğunun binası önündə bu ölkənin Azərbaycanla sərdhədində, Dağıstan Respublikasının Dərbənd rayonu ərazisində azərbaycanlıların keçirdiyi aksiya zamanı Rusiya polisinin həddən artıq gücdən istifadəsinə, qeyri-insani, zorakı davranışına etiraz olaraq aksiya keçirib.

Aksiya iştirakçıları Rusiya polisinin azərbaycanlıları əli bağlı halda üzü üstə saxladığı kimi yerə uzanıblar. Rusiya və Azərbaycan hakimiyyəti əleyhinə şüarlar və plakatlar qaldırıblar.

Rusiyanın Azərbaycanla sərhədində aksiya zamanı saxlanılanlar
Rusiyanın Azərbaycanla sərhədində aksiya zamanı saxlanılanlar

"Dağıstan sərhədində soydaşlarımızın rus polisi tərəfindən amansızcasına döyülməsi Almaniyada yaşayan mühacirlərin qəzəbinə səbəb olub. Həm Rusiya, həm də Azərbaycandakı antidemokratik rejim carəsiz insanlara zülm edir. Əlbəttə, Dağıstanda baş verən olaylar üzücüdür. Amma Avropada soydaşlarımızın bu həmrəyliyi qürurvericidir. Bir millət olaraq hər zorakılığa qarşı ən böyük gücümüz milli həmrəyliyimizdir. Siyasi mənsubiyyətindən, Avropadakı təşkilata üzvlüyündən aslı olmayaraq hər birimiz vətən üçün fədakarlıq etməliyik. Bizim itirəcəyimiz hec nəyimiz qalmayıb. Bir tarımar olunan, sərvətləri talanan, vətəndaşı didərgin olunan vətənimiz var. Vətinimizə sahib cıxaq!" jurnalist, keçmiş siyasi məhbus Əfqan Muxtarlı bildirib.

Tədbirin "Kölgə" mühacir təşkilatı tərəfindən təşkil olunduğu deyilir.

İyunun 15-də Rusiyanın Azərbaycanla sərhədində bir neçə ay gözləməkdən cana doyan bir neçə yüz azərbaycanlı etiraz aksiyası keçirib. Bu zaman Rusiya polisi ilə qarşıdurma baş verib. Qarşıdurma zamanı onlarla azərbaycanlı və bir neçə polis xəsarət alıb. Dağıstan İstintaq Komitəsi baş verən hadisə ilə bağlı cinayət işi qaldırıb. Onlarla azərbaycanlı saxlanılıb, 10 nəfər şübhəli şəxs qismində həbs edilib.

Şərhlərə bax

XS
SM
MD
LG