Accessibility links

“Azəriqaz”ın qaz sayğaclarını dəyişməsi istehlakçıları qane etmir


Son zamanlar “Azəriqaz” İstehsalat Birliyinin Smart tipli qaz sayğaclarını mexaniki qaz sayğacları ilə əvəz etməsi bir çox istehlakçının narazılığı ilə qarşılanıb. Bir sıra abonentlər yeni mexaniki sayğacların sərfiyyatı olduğundan artıq qeydə aldığını bildirir. Ekspertlər də mexaniki sayğaclara keçidi tənqidlə qarşılayıb.

“Binəqədi rayon Qaz İstismar İdarəsinin əməkdaşları mənzilimin smart kart qaz sayğacını mənim xəbərim olmadan mexaniki sayğacla əvəzləyib. Qaz sayğacını əgər yenisi ilə əvəz edirlərsə yenə də smart kart qaz sayğacı qoysunlar,” abonent Elnur Hüseynquliyev bildirir.

Deyəsən yeni sayğaclara Bugatti sürət ölçəni quraşdırıblar. Ayın ortası olmayıb artıq 450 kub yazıb
Təbriz, abonent

Abonent Fimar Asimqızı yazır ki, “bir gün belə işlətmədiyimiz halda “Azəriqaz”ın 433 manat qaz pulu yazmasını bu qurumun rəhbəri necə izah edə bilər. Dərəbəylikdir bəyəm?”

Abonent Şəhriyar Maqsudov “Azəriqaz”dan təcili olaraq mexaniki sayğacı dəyişməsini tələb edir.

“Yeni sayğaclar sərfiyyatı həddindən artıq yüksək yazır. Vətəndaşla “Azəriqaz” işçisi arasında xoşagəlməz hallara görə “Azəriqaz” cavab verməli olacaq,” o qeyd edib.

“Deyəsən yeni sayğaclara Bugatti sürət ölçəni quraşdırıblar. Ayın ortası olmayıb artıq 450 kub yazıb,” Təbriz adlı abonent “Azəriqaz” İstehsalat Birliyinin Facebook səhifəsində yazıb.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib ki, abonentlərə qaz borcu ilə bağlı bildiriş-SMS göndəriləcək.

“SMS gələndən sonra 1 ay müddətində istifadə etdiyi qaz borcunu ödəməyən abonentə qaz verilməsi dayandırılacaq. Artıq yaxın bir ay ərzində 700 min abonentə bildirişlər göndəriləcək. 30 gün ərzində borc ödənilməsə abonentin qazı dayandırılacaq.”

Son vaxtlar əhali abonent qrupunun istifadəsində olan smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır.
"Azəriqaz" İstehsalat Birliyi

Bununla yanaşı, “Azəriqaz” İstehsalat Birliyi bildirir ki, son vaxtlar əhali abonent qrupunun istifadəsində olan, dövlət yoxlama müddəti başa çatmış smart-kart tipli sayğacların mexaniki-elektron sayğaclarla əvəz edilməsindən sonra guya yeni quraşdırılan qurğuların təbii qazın sərfiyyatını çox qeydiyyata alması barədə fikirlər dolaşır. Bunları nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyi “Açıq qapı” günləri elan edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, belə yanaşma doğru deyil.

“Cəmiyyətin narahatçılığı ondan ibarətdir ki, bütövlükdə “Azəriqaz”ın qaz sərfiyyatını hesablamaqla bağlı qurduğu nəhəng sistem-infrastruktur üzərində dövlət və ictimai nəzarət təkmilləşdirilməlidir.”

O hesab edir ki, hazırdakı situasiya maraqların toqquşması baxımından çox risklidir və istehlakçının aldadılacağından şübhələnməsi üçün ciddi əsaslar var.

Elə bil ki, bu ölkədə Sovet sistemi 30 ildə dağılmayıb, hər yerdə satan doğrudur.
İlham Şaban, ekspert

“Xidməti təqdim edən özü sərfiyyatı ölçmək üçün xaricdən istədiyi sayğacı alır. Sayğaca əlavə qurğuları özü qoşur, "Ölçmələrin vəhdəti haqqında" qanuna uyğun olaraq sayğacların ölçmə sınaqlarında maraqlı tərəflər təmsil olunmur, aidiyyatı qurum və özü iştirak edir. Məlumatları sayğacdan özü oxuyur. Toplanan informasiyaları özü öz kanalları ilə öz mərkəzinə ötürür. Bu informasiyanı özünün özəl proqram təminatı ilə yenidən öz mərkəzində, öz serverlərində emal edir. Bütün bunların sonunda istehlakçıya bildiriş verir,” o qeyd edir.

Qaz sayğacı
Qaz sayğacı

Osman Gündüzün fikrincə, təbii inhisar subyekti üçün bütün sadalanan pillələr üzrə mövcud idarərtmə forması yolverilməzdir.

“Gərək hökumət, aidiyyatı dövlət qurumları, Antiinhisar Dövlət Xidməti, Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi bu sahədə tənzimləməni təkmilləşdirsin. Bütün səlahiyyətləri eyni bir quruma, xüsusilə də təbii inhisarçıya vermək risklər, maraq toqquşmaları yaradır. Ən azından sayğaclara nəzarət, sayğaclardakı məlumatların oxunması, ötürülməsi və emalı başqa quruma verilməlidir,” o belə hesab edir.

Hazırdakı situasiya maraqların toqquşması baxımından çox risklidir və istehlakçının aldadılacağından şübhələnməsi üçün ciddi əsaslar var.
Osman Gündüz, İnternet Forumunun prezidenti

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, istehlakçı öncədən pul ödəməklə Smart-sayğac vasitəsi ilə qaz alırdı.

“Bu zaman müdaxilə edə biləcək bir subyekt yox idi. Əgər belə mexanizm vardısa, hansı məqsədlə Smart -sayğacları mexaniki sayğaclara dəyişirsən? Bundan sonra da əməkdaşları göndərirsən ki, get bax, gör filankəs nə qədər işlədib. O da gəlib qapı-qapı düşüb yazır. Sonra rayon idarəsinə gəlib bir başqasına yazdıqlarını deyir, o da orada komputerə vurur. Sonra onun vurduqlarını Baş İdarədə təftiş-qeydə alan olur. Beləliklə istehlakçıda inamsızlıq yaranır. İnamsızlıq yaradan məsələləri aradan qaldırmaq lazımdır,” ekspert qeyd edir.

İlham Şabanın dediyinə görə, bir nəfər məmur məntiqə müraciət edib Smart-sayğacların mexaniki sayğaclarla əvəz edilməsinin səbəbini izah etmək istəmir.

“Elə bil ki, bu ölkədə Sovet sistemi 30 ildə dağılmayıb, hər yerdə satan doğrudur, istehlakçının dinib-danışmağa hüququ yoxdur,” o deyib.

XS
SM
MD
LG