Accessibility links

Azad İsazadə: Sərt karantin rejimi bir strategiya çərçivəsində olmalıdır


Azad İsazadə

Psixoloq Azad İsazadə Amerikanın Səsinə müsahibəsində COVİD-19 pandemiyasının insanların psixikasına təsirlərindən danışıb.

Amerikanın Səsi: Azad bəy, COVİD- 19 pandemiyası dünyada demək olar ki, yarim milyondan çox insanın ölümünə səbəb oldu. Bir çoxları Azərbaycanda və başqa ölkələrdə hələ də bu xəstəliyin mövcudluğuna inanmır. Psixologiya bu fenomeni necə izah edir?

Sadəcə bizim beynimiz belə qurulub ki, uzun müddət hansısa təhlükə ilə yaşayanda ona öyrəşirik.

Azad İsazadə: Virusa inanmamağın səbəbi üzərində ayrıca dayanım. Hər bir streslə, təzə bir qorxulu, həyacanlı informasiya ilə rastlaşanda sözsüz ki, ilk reaksiya özümüzü qorumaq, qorxu reaksiyası olur. Çalışırıq maksimal təhlükəni azaldaq. Yada salaq, ilkin periodda apteklərdə maska yox idi, hələ karantin yox idi, camaat dükanlarda məsafə saxlayırdı. Bir balaca panika yaranmışdı. O insnaların bir hissəsi indiyə qədər də qorxu ilə yaşayır, evdən çıxmır, evi bütün günü təmizləyir, əllərini yuyur. Birinci vəziyyəti, qorxunu biz məntiqli qəbul edirik. Bizi təəccübləndirmir. Bizi təəccübləndirən ikinci fenomendir. Nə qədər çox məlumat gəlir, nə qədər çox mənfi informasiya gəlir, xəstələrin sayı çıxalır insanlar tərsinə, buna inanmır. Şübhə ilə yaxınlaşır. Bunun izahı belədir. İnsanların böyük hissəsi uzun müddət qorxu içində yaşaya bilmir. Yaşamaq istəmir. O qorxuya, təhlükəyə çoxumuz sadəcə öyrəşiruk. O qorxulu, təhlükəli vəziyyətdə yaşamağa başlayırıq. Bəziləri isə ümumiyyətlə təhlükəni imtina edir. Mənfi informasiyanı qəbul etmək istəmir. İnsanlar elə bil şüuraltıda qorxu informasiyalarını bloka salır və onu qbul eləmək istəyir. Nə eşitmək istəyir? Nə analiz etmək istəyir? Sadəcə fantastik də olsa hansısa versiyaya inanır, virusa inanmır. Virusa inanmayanlar da gözünü yumur ki, virus yoxdur, mən heç nəyə inanmıram. Mən heç nədən qorxmuram. Bu müdafiə sistemidir. Bunu insanlar düşünülmüş formada eləmir. Sadəcə bizim beynimiz belə qurulub ki, uzun müddət hansısa təhlükə ilə yaşayanda ona öyrəşirik. Ya da ondan imtina edirik.

Amerikanın Səsi: Digər tərəfdən bir çox insanlar infeksiyaya yoluxmaqdan hədsiz dərəcədə qorxur. Bu onların səhhətinə necə təsir edir?

Uzun müddət oturub gözləmək, nə vaxtsa virusa yoluxacaq. Bu əsəb sisteminə də, ürək-damar sisteminə də təsir edir. Kiminsə şəkəri qalxır. Təzyiqi qalxır.

Azad İsazadə: Mən bu suala birinci suala cavab verərkən bir balaca toxundum. Elə pasientim var ki, onlarla biz online işləyirik. Çünki çölə çıxıb həkimin yanına da gəlməkdən imtina edirlər. Belə bir pasient var ki, 4-5 aydır evdən çıxmır. Heç iki saatlıq sms ilə də çıxmır. Praktiki günaşırı mənimlə əlaqədədir. Sözsüz ki, çalşıb kömək edirik. Bir nümunə olaraq ər–arvaddır. Daha çox problem xanınmdadır. Uşaqları böyükdür, onları da evə buraxmır. Onlar ərzaq alıb qapının ağzında qoyurlar, çıxıb gedirlər .Sonra ev yiyəsi qapını açır ərzağı içəriyə salır. Spirtlə əlcəklə bunu dezenfeksiya edir, canlı heç kimlə ünsiyyət saxlamırlar. Belələri tək deyil. Amma nə qədər insan evdən çıxmaq istəmirdi. Amma indi, terapeya nəticəsində demirəm, ləzzətlə evdən çıxırlar, dükana gedib nəsə alıb, bir balaca təmiz havada gəzib qayıtmağa başlayıblar. Qorxa-qorxa, maskada, cibində spirtlə başlayır küçəyə çıxmağa. Biz buna həyacan nevrozu deyirik. Ya da onun ayrı adı panik atakadır. İnsan həyacan içində yaşayır, qorxu içində yaşayır. Bəzən biz yaxşı bilirik ki, gözləmək insanı daha çox üzür. Nəinki hadisə özü. Uzun müddət oturub gözləmək, nə vaxtsa virusa yoluxacaq və bundan qorxur. Bu əsəb sisteminə də, ürək-damar sisteminə də təsir edir. Kiminsə şəkəri qalxır. Təzyiqi qalxır. Bununla çox ciddi məşğul olmaq lazımdır. Öz-özünə birdən keçməyəcək. Üstəlik hər gün virus haqqında məlumatların gəlməsi davam edir. Bu koronafobia kimi, bir diaqnozla müalicə olunmalıdır.

Amerikanın Səsi: Sərt karantin rejiminin tətbiqi, insanların evlərə qapadılması, insanların psixikasına hansı təsirlər göstərir?

İnsanları ev dustağı etməklə və günün 22 saatı mənzili tərk edə bilməyəndə, mənzil çox da böyük deyilsə, evdə adamlar çoxdusa sözsüz ki, onda panika, qorxu, həyacan yaradır, əsəbilik, bəzilərində aqressiya yaradır.

Azad İsazadə: Sərt karantin rejimi sözsüz ki, mənfi təsir edir. Biz başa düşməliyik ki, təkcə sərt karantin rejimi ilə problem həll olunmayacaq. Burada, sərt karantin rejimi hansısa o biri tədbirlərin çərçivəsində, bir strategiya çərçivəsində olmalıdır. Təəssüf ki, biz bu strategiyanı görmürük. Karantinin ya yumşaldılması, ya sərtləşdirilməsi ya da məntiqə uyğun olmayan iki günlük komendant saatı elan olunması və s . Bu sözsüz ki, belə deyək də, tədbirlərin vahidliyi olmadığına görə onsuz da biz karantin rejimində özümüzü qeyri-rahat hiss edirik. Amma görürük ki, idarələrdən hansılardan bu aslıdır özləri də bilmir neyləsin. Əhalidə ümidi qırırlar. Bu gün belə deyirlər, sabah tərsinə deyirlər. Bu məsələ insanlara sözsüz ki, haradasa ümidsizlik yaradır. Konkret karantin rejimi, qapalı yerdə, bir neçə ailə üzvünün uzun müddət qalmağı hər yerdə mənfi təsir göstərir. Təsadüfi deyil ki, ilkin olaraq Britaniya alimləri bundan başladı yazmağa, sonra BMT də təsdiqlədi karantin dövründə ailə zorakılığı çoxalmağa başladı. Ən çox zorakılığın qurbanı uşaqlar oldu. Uşaqlar enerjilidir. Uşaqlar dinc oturmaq istəmir. Bu ailədaxili konfliktlərə gətirib çıxarır. Ondan başqa bir insan kateqoriyası var ki, qapalı yerdə uzun müddət qala bilmir. Buna biz klaustrofobiya deyirik. Qapalı yerdə, yəni liftdə, təyyarədə, bəziləri metroda, hətta avtobuslarda qala bilmirlər. Belə insanları ev dustağı etməklə və günün 22 saatı mənzili tərk edə bilməyəndə, mənzil çox da böyük deyilsə, evdə adamlar çoxdusa sözsüz ki, onda panika, qorxu, həyacan yaradır, əsəbilik, bəzilərində aqressiya yaradır. O moment heç nəyə baxmır. Sadəcə çıxmalıdır. Mütləq çıxır küşəyə və ona karantin pozulub-pozulmayıb maraqlandırmır. Artıq onu tərk eləməlidirlər. Özü-özünə cavabdeh deyil o zaman. O sadəcə onu panika yaradan mühitdən çıxmalıdır. Əsas rast gəlinən bunlardır, karantin rejimində aqressiyanın çoxalması, hər şeydən narazı, aqressiv davranış. Mənə maraqlı bir məqalə rast gəlmişdi. Deməli, Moskva jurnalistləri vaxtilə siyasi məslələrlə bağlı rəsmi məhkəmə qərarı ilə ev dustağı olan insanlardan məsləhət alırdı ki, ev dustağı zamanı insan necə olmalıdır. Çox maraqlı məsləhətlər var idi. Biz başa düşürük ki, rəsmi qanunla ev dustağı sms ilə çölə çıxa bilməz. Adətən internet kəsilir həmin mənzildə, telefon kəsilir heç kimlə ünsiyyət saxlaya bilməz. Bir nəfər ailə üzvü ərzaq gətirib apara bilər. Bu evdən çıxmamaq şərti ilə buna uzun müddət bir il, yarım il ev dustağı kimi qalır. Onların maraqlı fikirləri vardır. Onlar danışırdılar ki, hansı hallarla rastlaşıblar. Necə bu hallarla mübarizə aparsınlar. Orada ən maraqlısı mənə o gəldi ki, biri məsləhət görür ki, hər axşam oturub sabahkı gün üçün plan hazırlamaq .Mən sabah nə edəcəm? Nə yeyəcəm, nə hazırlayacam. Hansı filmə baxacam. Saatlarla planlaşdırırdı ki, gün ərzində boş vaxt qalmasın. O planla da yaşayırdı, işləyirdi, nəsə ev işlərini də görürdü. Bu hansısa kömək edirdi.

Amerikanın səsi: Ümumiyyətlə pandemiya dönəmində insanların psixi durumunun sağlam saxlanılması üçün nə tövsiyyə edərdiniz?

Biz sadəcə virusla yaşamağa öyrəşməliyik. Virus təbii bir prosesdir. Bizdən asılı olmayan prosesdir və bunu dərd eləyib, dərd içində yaşamağa mənası yoxdur.


Azad İsazadə: Aydındır ki, virusa yoluxacağıq, yoluxmayacağıq bu hələlik sual altındadır. Amma hamımız virusun təsiri altında yaranmış psixoloji gərginliyi yaşayırıq. Nə zaman qurtaracaq pandemiya, bir aya, bir ilə, iki ilə heç kim deyə bilmir. Söhbət Azərbaycandan getmir, mənə belə gəlir ki, dünyada heç kim bilmir nə baş verir. Çıxış yollarını da tapa bilmirlər. Dünən inandığımız, ümid elədiyimiz ölkələr belə bacarmırlar. Pandemiyaya qalib gəliblər deyilən ölkələrdə bu gün görürük ki, orada təzədən təzə ocaqlar yaranır. Ən təəccüblüsü, ümidvericisi odur ki, qonşu Gürcüstan vəziyyəti nəzarət altına saxlayıb. Hələ ki, ikinci dalğaya məruz qalmayıb. Neyləməliyik? Biz bilmirik bizi nə gözləyir? Biz buna öyrəşməliyik. Biz başa düşməliyik ki, bununla biz yaşayacağıq. Peyvənd tapıldı, dərman tapıldı fərq eləməz. Biz bununla yaşayacayıq, kimsə yoluxacaq .Çoxumuz sağalacağıq. Kimsə sağalmayacaq. Ümid edək ki, peyvənd də çox tez tapılacaq. Dərman da çox tez tapılacaq. Bu gün bizim məqsədimiz belədir. Biz ancaq dözməliyik və boğulan praktiki böhran vəziyyətində olan səhiyyə sisteminə imkan verməliyik ki, bir balaca özünə gəlsin. Bir balaca təcrübəni toplasın. İlkin karantin rejimində vəziyyət doğurdan da nəzarət altında idi. Vəziyyət yaxşı idi. Praktiki evdə heç kim müalicə etmirdilər. Karantinə salınan adamlar da çoxalmışdı. İndi atırlar hamısını əhalinin üstünə. Söhbət əhalidən getmir. Yoluxanların sayı çoxalan vaxtı karantini dayandırmaq gülməli idi, amma dayandırdılar. Sonra gülməli məntiqə sığmayan iki günlük komendant saatı gəldi. Bu onu göstərir ki, pandemiya ilə mübarizə edən qurumlar özlərini itirib. Onlara mən heç nə tövsiyyə eləmirəm. Sadəcə mən belə başa düşürəm ki, dünyada heç kim bilmir neyləsin. İstər psixologiyada, istər təbabətdə belə bir prinsip var, kömək edə bilmirsə heç olmasa ziyan vurma. Biz elə etməliyik ki, ziyan vurmayaq. Mən hesab edirəm ki, maskanı biz geyinməliyik, özümüz üçün yox, özümüzü qorumaq üçün yox, maskanı prinsipial olaraq geyməliyik ki, ətrafları özümüzdən qoruyaq. Biz özümüzə görə qorxmamalıyıq. Ətrafımıza görə qorxmalıyıq. Hamımız belə hərəkət etsək, hamımız nizamlı olsaq istiyə baxmayaraq, darıxmağa baxmayaraq biz başa düşməliyik ki, bir-birimizi qorumalıyıq. O biriləri biz qoruyanda deməli o birilər də məni qoruyacaq. Belə bir prinsiplə biz yaxınlaşsaq özümüzü xeyirxah bir iş görmüş kimi hiss eləyəcəyik. Biz də hiss eləyəcəyik ki, bu mübarizədə balaca da olsa hansısa rolumuz var. Bu kömək edir. Hansısa qriplər gəlir-gedir. Biz sadəcə virusla yaşamağa öyrəşməliyik. Virus təbii bir prosesdir. Bizdən asılı olmayan prosesdir və bunu dərd eləyib, dərd içində yaşamağa mənası yoxdur.

Şərhlərə bax

XS
SM
MD
LG