Accessibility links

“Azad seçki -2013” qrupu: Prezident seçkilərinin azad və ədalətli baş tutacağına inamsızlıq artıb


“Azad seçki-2013” İctimai Dəstək Qrupu
“Azad seçki-2013” İctimai Dəstək Qrupu

Çoxsaylı QHT İctimai Dəstək Qrupu yaradıb. Qrup seçki mühitinin azad və ədalətli olması məqsədilə tədbirlər keçirəcək, təkliflərlə çıxış edəcək

“Azad seçki-2013” İctimai Dəstək Qrupunda (İDQ) birləşən qeyri-hökumət təşkilatları (QHT) narahatlıqla bildirirlər ki, son beş ay ərzində Azərbaycanda siyasi azadlıqların məhdudlaşdırılması, ictimai fəallar və siyasi qruplara qarşı təzyiqlərin artması nəticəsində bu il gözlənilən prezident seçkilərinin azad və ədalətli qaydada baş tutacağına inamsızlıq artıb. Bu barədə bu gün RATİ-nin Media Mərkəzində İDQ-nin təsis toplantısında bildirilib.

İDQ-nin bəyanatında deyilir ki, Azərbaycan hakimiyyəti 2013-cü il prezident seçkilərinin siyasi plüralizm, bərabər siyasi imkanlar, şəffaf və ədalətli keçirilməsinə hazırlıq nümayiş etdirmir.

“Azad Seçki-2013” İctimai Dəstək Qrupu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM), İnsan Hüquqları Klubu və Demokratik Jurnalistlər Birliyi tərəfindən təsis edilib. İDQ-nin Koordinasiya Şurasına onlarla digər QHT qoşulub. Təşkilat seçki mühitinin azad və ədalətli olması məqsədilə tədbirlər keçirəcək, təkliflərlə çıxış edəcək.

Çıxışlarda 2013-cü ildə “seçki ili”nin çox tez və repressiyalarla başlandığı diqqətə çatdırılıb. Belə ki, fevralın 4-də prezidentliyə namizədliyə iddialı REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədov, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, sonra isə fəal gənclər həbs edilib. Mediaya qarşı təzyiqlər çoxalıb.

“Əvvəlki seçkilərdə “seçki ili” dialoqla, qanunvericiliyə dəyişikliklərin müzakirəsi ilə başlayırdısa, 2013-cü ildə hər hansı dialoqdan, qarşılıqlı müzakirələrdən söhbət belə getmir. Əvvəlki seçkilərdə seçkilərə 5-6 ay qalmış beynəlxalq təşkilatlar “dəyirmi masa”lar, konfranslar təşkil edirdi. Bu il isə yalnız gələn həftə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ehtiyacları qiymətləndirmə missiyası Azərbaycana səfər edəcək”, SMDTM-nin rəhbəri Anar Məmmədli bildirib.

Forumda ölkədə sərbəst toplaşmaq azadlığı və söz azadlığı hüququnun pozulması xüsusi narahatlıqla xatırlanıb. “Sərbəst toplaşmaq azadlığı artıq 7 ildir ki, pozulur. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə 70-dən çox şikayət göndərilib.

“Ancaq indiyədək Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı bir şikayət barədə Avropa Məhkəməsi qərar qəbul etməyib.

Bu məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır”, - Seçkilərə Hüquqi Yardım Mərkəzinin rəhbəri Hafiz Həsənov qeyd edib.

Toplantıda iştirak edən bütün QHT təmsilçiləri Bakı meri Hacıbala Abutalıbovu məhkəməyə vermək üçün yekdil rəydədir.

“Hacıbala Abutalıbovdan soruşmaq lazımdır ki, niyə müxalifətə daim 20-ci sahə göstərilir. Bakının mərkəzi küçələri günlərlə bağlanır. Ralli, velosiped yarışları keçirilir, ad günləri qeyd edilir”, - İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərli deyib.

Seçki öncəsi ölkədə vətəndaş fəallığı artırılmalıdır.

“Aksiyalar keçirilməlidir. Biz deməliyik ki, həbslərlə qorxu mühiti yaratmaq, toplaşmaq və media azadlığını məhdudlaşdırmaq, Rəsul Quliyevin, Rüstəm İbrahimbəyovun öz ölkəsinə gələ bilməməsi “saxta seçki” deməkdir”, - tanınmış jurnalist Şahvələd Çobanoğlu qeyd edib.

Toplantıda həmçinin exit-poll-la bağlı Mərkəzi Seçki Komissiyasının təlimatının qanunvericiliyə uyğun olmaması, qeydiyyata alınmayan QHT-lərin seçki prosesində iştirakının təmin edilməsi, Avropa Məhkəməsinin qanunvericiliyi pozması ilə bağlı qərarı olan 18 seçki dairəsinin üzvlərinin azad edilməsi məsələlərinin məhkəmələrdə qaldırılmasının vacibliyi bildirilib.

Çıxışlarda eyni zamanda başqa dövlətlər qarşısında vergi öhdəliyi olan şəxslərin prezidentliyə namizəd ola bilməməsi ilə bağlı bəndin qanunvericilikdən çıxarılması təklif edilib. Bu müxalifətin vahid namizədi olacaq Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün bəhanələrə yol aça bilər. Eyni zamanda iqtidar namizədinin də başqa hökumətlər qarşısında vergi öhdəliyinin olduğu da diqqətə çatdırılıb.

İDQ seçki mühitin yaxşılaşdırılması üçün təkliflərlə çıxış edib: AŞPA-nın siyasi məhbuslar hesabatında olan məhbuslar və jurnalistlər həbsdən azad edilsin, gənclərin təqibi dayandırılsın, “Sərbəst toplaşmaq haqqında”, “QHT-lər haqqında” qanunlar ATƏT-in rəhbər prinsiplərinə uyğunlaşdırılsın, seçki qanunvericiliyi təkmilləşdirilsin, QHT-lərin qeydiyyatında problemlər aradan qaldırılsın, siyasi partiyaların ölkənin bütün ərazisində fəaliyyət zamanı təqiblərə son qoyulsun, ictimai televiziyanın siyasi plüralizm təmin edilsin, müstəqil vəkillərə təzyiqlərə son qoyulsun və s.
XS
SM
MD
LG