Accessibility links

"Azadlıq” qəzetinin əməkdaşının həbsi istənilir


“Azadlıq” qəzetinin reportyorunun məhkəməsi keçirilib
“Azadlıq” qəzetinin reportyorunun məhkəməsi keçirilib

Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Təzəxan Mirələmli bu il iyunun 19-da Bakının Xətai rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsilə təqsirli bilinərək 1 il azadlığı məhdudlaşdırılıb. Məhkəmə hökmünə əsasən, Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23-dən səhər saat 7-dək yaşayış yerini tərk edə bilməz.

Təzəxan Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında Ata Abdullayevi vurmaqla xuliqanlıq etməkdə günahlandırılır.

Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb. Bu vaxt Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb.

“Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim,” o qeyd edib.

Təzəxan Mirələmli Amerikanın Səsinə bildirib ki, o apellyasiya şikayətini onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsinin onun 1 il azadlığının məhdudlaşdırılması haqda verdiyi hökmüylə razılaşmır, bəraət istəyir.

Bugünki prosesdə Mirələmli deyib ki, hökmdən sonra Xətai rayon Məhkəməsinə ərizə verib, məhkəmə iclas protokolları ilə tanış olmaq istəyib. Lakin indiyə kimi məhkəməyə çağırılmayıb və zəruri qeydlərini edə bilməyib.

O hesab edir ki, protokollarla tanış olmaq, protokola qeydlər vermək onun hüququdur.

Hakim işi Xətai rayon Məhkəməsinə qaytarıb.

Bundan əlavə bu işdə zərəçəkmiş kimi tanınan Ata Abdullayev jurnalistin həbs olunması üçün apellyasiya şikayəti verib.

Bu barədə hakim Habil Məmmədov bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxışı zamanı deyib. Ata Abdullayev jurnalistin azadlığının məhdudlaşdırılmasıyla razı deyil.

Məsələ ilə bağlı Ata Abdullayevdən açıqlama almaq mümükün olmayıb.

Məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

XS
SM
MD
LG