Accessibility links

"Azadlıq" qəzetinin 29 yaşı tamam olur


Azadlıq qəzeti

"Azadlıq" qəzeti müasir Azərbaycanın azadlıq tarixidir".

Bunu bu gün, dekabrın 24-də ilk nömrəsinin çapının 29 ili tamam olan "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyli deyib.

Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli

Redaktor bildirib ki, artıq iki ildən çoxdur qəzetin çapı dayanıb: "Kollektiv pərən-pərən düşüb, kimi yaxında, kimi uzaqda. Təəssüf ki, gerçəklik qəzetə arzularımızla üst-üstə düşmədi. Artıq iki ildən çoxdur ki, bu qəzetə dərdini, ağrısını, problemini danışan yoxdur, oxucu şikayəti yoxdur. Biz arzu edirdik ki, "Azadlıq" qəzeti böyük kollektivli, jurnalist ordulu, ən çox tirajlı qəzetlərdən biri olsun. Təəssüf ki, bu baş vermədi".

Qəzetin arxivini su basıb

Bu günlərdə qəzetin bağlı ofisinə gedən redaktor gördüklərindən ağrı ilə bəhs edir: "Redaksiyaya getmişdim, yenə damırdı, hər tərəf su, arxivin bir hissəsi də suyun içində...".

Bütün bu çətinliklərlə baxmayaraq, Rövşən Hacıbəyli həm "Azadlıq" qəzetinin, həm də ölkənin gələcəyinə pessimist yanaşmır: "Həmişə ümidlə yaşamışıq, yenə də ümidliyik ki, həmin günlər qayıdacaq, qəzetin əhatə dairəsi genişlənəcək, yeni kollektiv formalaşacaq...".

Xatırlatma

"Azadlıq"​ qəzetinin ilk sayı 1989-cu il dekabrın 24-də çap edilib. Qəzet əvvəlcə Azərbaycan Xalq Cəbhəsi (AXC) təşkilatının orqanı olub. Sonra təsisçi qismində qəzetin kollektivi çıxış edib. İlk redaktoru Azərbaycan milli azadlıq hərəkatının aparıcı simalarından biri, mərhum Nəcəf Nəcəfov olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra qəzetin fəaliyyəti dayandırılıb. SSRİ Silahlı Qüvvələrinin Bakıdakı hərbi komendantı qəzetin çapına icazə verməyib. Qəzet Azərbaycanda hərbi rejim aradan qaldırılandan sonra yenidən nəşr olunmağa başlayıb.

2016-c il sentyabrın 5-də qəzetin fəaliyyəti nəşr olunduğu "Azərbaycan" nəşriyyatına borc üzündən yenidən dayanıb.

Qəzetin baş redaktoru Qənimət Zahid və daha bir neçə əməkdaşı həbsdə olub. İndi yalnız iki əməkdaşı xuliqanlıq ittihamı ilə həbsdədir. Qənimət Zahid isə mühacirətdədir. Qəzetin saytına 2017-ci ildən məhkəmə qərarı ilə Azərbaycan daxilindən girişə məhdudiyyət qoyulub. Buna səbəb kimi saytda dövlət əleyhinə bəzi yazıların dərc edilməsi göstərilib. Ancaq qəzet rəhbərliyi və vəkilləri bununla razılaşmırlar. Onlar baş verənləri mediaya basqı sayırlar.

XS
SM
MD
LG