Accessibility links

Azadlıq qəzeti ictimaiyyətə müraciət edəcək – nəşr bağlana bilər


Azadlıq qəzetinin mətbuat konfransı (Foto azadlıq.info saytından götürülüb )
Azadlıq qəzetinin mətbuat konfransı (Foto azadlıq.info saytından götürülüb )

Qəzet rəhbərliyi ağır maliyyə durumu ilə bağlı mətbuat konfransı keçirib

“Azadlıq” qəzetinin rəhbərliyi qəzetin bağlanma təhlükəsilə bağlı mətbuat konfransı keçirib.

"Azadlıq"ın baş redaktorunun birinci müavini Rahim Hacıyev qəzetin yenidən bağlanmaq təhlükəsilə üz-üzə qaldığı haqda məlumat verib. Bildirib ki, Azərbaycan Nəşriyyatı çap və kommunal xidmətlərə görə redaksiyanın ona olan 18 min manat borcunu tələb edir. Borcun qaytarılması üçün redaksiyaya iyunun 1-nə qədər vaxt verilib, borc bu müddətdə ödənməsə qəzetin çapından imtina olunacaq.

Onun fikrincə qəzetin nəşriyyata borclu qalması onun qəsdən salındığı maliyyə böhranı ilə bağlıdır. “Belə ki, qəzetin satış imkanları məhdudlaşdırılıb, üstəlik dövlət şirkəti olan "Qasid" yayım firması qəzetə 70 min manat borcunu qaytarmır”.
Ağır maliyyə durumu üzündən qəzetin 30 nəfərlik kollektivinin son 2 aylıq maaşları da ödənməyib.

Rahim Hacıyev yaranmış vəziyyətdə yalnız ictimaiyyətin dəstəyinə arxalana biləcəklərini qeyd edib. “Bu son çarədir, başqa bir yolumuz faktiki qalmayıb. İctimaiyyət ən ağır vaxtlarda “Azadlıq”a dəstək olub və ümid edirik ki, bu müstəqil qəzetin yaşaması naminə yenə də dəstəyini əsirgəməycək”.

Mətbuat konfransında müxalif siyasi liderlər, vətəndaş cəmiyyətinin təmsilçiləri, ziyalıar, redaktorlar, ictimaiyyətin nümayəndələri iştirak edib.
XS
SM
MD
LG