Accessibility links

AZAL ölkənin hava məkanını bütün aviaşirkətlər üçün açıq elan edib


“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )
“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )

AZAL ölkənin hava məkanını bütün aviaşirkətlər üçün açıq elan edib.

AZAL-ın məlumatına görə, yanvarın 1-dən Azərbaycanda beşinci və yeddinci qrup “hava azadlığı” tətbiq ediləcək.

Aviaşirkətlər Bakıdan sərnişinləri dünyanın 40 ölkəsinə daşıyacaqlar:

Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya.

Şirkətdən qeyd ediblər ki, gələcəkdə ölkələrin sayı artırıla bilər.

“Hava azadlığı” qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.

Beləliklə, beşinci qrup “hava azadlığı” xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir. Misal üçün, beşinci qrup “hava azadlığı” çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.

Yeddinci qrup “hava azadlığı” isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər.

Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.

Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.

Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.

“Bu, xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkanı yaradacaq”, - şirkətin məlumatında bildirilir.

AZAL-da hesab edirlər ki, xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.

Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.

AZAL Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən yeni aviaşirkətlər üçün nəzərdə tutulan endirimi də açıqlayıb.

“Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub.

XS
SM
MD
LG