Accessibility links

AZAL-ın Təhlükəsizlik İdarəsinin rəhbərlərinin vəzifədən azad edildiyi bildirilir


Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik İdarəsinin rəhbərləri vəzifədən azad edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatlara görə, vəzifədən azad edilənlər sırasında Təhlükəsizlik İdarəsinin rəisi Elxan Orucov, onun müavinləri Etibar Cəbrayilov və Əli Qurbanəliyev var.

Təhlükəsizlik İdarəsinin rəhbərlərinin vəzifədən azad edilməsinin səbəbləri göstərilmir. Bununla bağlı hələ rəsmi xəbər də yayılmayıb.

AZAL-ın mətbuat xidmətindən Amerikanın Səsinə məlumatı nə təsdiq, nə də təkzib ediblər. Mətbuat Xidmətinin əməkdaşı `yayılan məlumatı şərh etmirik` deyə bildirib.

Prezident İlham Əliyev avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bir sıtra dövlət şirkətlərini, o cümlədən AZAL-ın fəaliyyətini tənqid edib. Əliyev hökumətə tapşırıb ki, dövlət şirkətlərinin işi ciddi təftiş edilməlidir və yeni idarəetmə sistemi qurulmalıdır.

“AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir,” prezident qeyd edib.

Aviasiya Təhlükəsizliyi İdarəsi (ATİ) 1996-cı ildə yaradılıb və “AZAL” Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir. İdarə öz fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: aviasiya təhlükəsizliyinin, mühafizə xidmətinin, buraxılış və obyektdaxili rejimin, yanğın təhlükəsizliyinin, qəza-xilasetmə xidmətinin, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının, mülki müdafiənin, xüsusi texniki vasitələrə qulluğun, habelə mülki aviasiya təhlükəsizliyi sahəsində video müşahidənin təmin edilməsi.

XS
SM
MD
LG