İyulun 23-də "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyəti Bakı-Nyu York-Bakı reysi ilə uçuşları daha bir il müddətinə davam etdirəcəyini qərara alıb. Qərar donanmanın texniki imkanlarının optimallaşdırılmasını və sərnişinlərin çoxsaylı istəklərini nəzərə alaraq verilib.
Bu barədə AZAL Facebook səhifəsində məlumat yayıb.
AZAL-ın mətbuat xidməti Amerikanın Səsinə bildirib ki, Bakıdan Nyu-Yorka birbaşa reyslər Azərbaycanın milli aviadaşıyıcısının qış cədvəli çərçivəsində davam edəcək.
“Bakı-Nyu-York reysləri (JFK hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək,” AZAL-ın məlumatında deyilir.
İyunun 3-də AZAL “Boeing 737 MAX 8” təyyarələrini almaqdan imtina edib və bu ilin oktyabrından Bakı-Nyu York-Bakı reysi ilə uçuşları dayandırması barədə qərar verib. Qərar son zamanlar “Boeing 737 MAX” təyyarələrinin Malaziya və Efiopiyada qəzaya uğramasından sonraya təsadüf edir.
AZAL bildirib ki, Bakı-Nyu York-Bakı reysi ilə uçuşların dayandırılması "Boeng-737 MAX 8" təyyarələrindən imtina ilə bir az əlaqəli idi.
“Bakı-Nyu-York reysləri (JFK hava limanı) həm 2019/2020-ci ilin qış cədvəli, həm də 2020-ci ilin yay cədvəli çərçivəsində həftədə 2 dəfə olmaqla (bazar ertəsi və şənbə günləri) "Boeing 787 Dreamliner" təyyarələri ilə yerinə yetiriləcək.AZAL-ın məlumatından sitat
Lakin bir gün sonra, iyunun 4-də AZAL bildirib ki, qurum "Boeing 737 Max-8" təyyarələrindən imtina etməyib, sadəcə olaraq, müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.
Bununla yanaşı AZAL Bakı-Nyu York-Bakı reysinin dayandırtlmasında israrlı olduğunu, əvəzində daha səmərəli reyslərin açılacağını bəyan edib.
Bu zaman iqtisadçılar Bakı-Nyu York-Bakı reysindən imtinanın səmərəli olmadığını bildirib.
İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, AZAL-ın uçuşlarına qiymətlər baha və eyni zamanda tələbat yüksək olaraq qalmaqdadır.
“Xüsusilə də yay aylarında bir tərəf üçün ən ucuz bilet 500 dollar, gediş-gəlişin qiyməti isə 1000 dollar ətrafındadır. Halbuki, Ukrayna Hava Yolları, Qatar Hava Yolları ilə bu marşrutu AZAL-la müqayisədə 2 dəfə ucuz qiymətə qət etmək mümkündür,” o qeyd edib.
İbadoğlu hesab edir ki, Bakı-Nyu-York-Bakı reysi Azərbaycanla ABŞ arasında yalnız nəqliyyat deyil, həm də siyasi-iqtisadi əlaqələr baxımından əhəmiyyət kəsb edir.
“Əslində bu, iqtisadi deyil, siyasi layihə kimi fəaliyyətə başlamışdır. Bu gün onun dayanması da siyasi səbəblərlə bağlıdır. Hətta həqiqətən də AZAL bu marşrut üzrə uçuşu rentabelliyə görə dayandırırsa, şübhəsiz ki, rentabelliyin aşağı olması AZAL-ın idarəçiliyinin zəifliyi ilə əlaqədardır,” ekspert iyunun 4-də bildirib.
Azərbaycan və ABŞ 2016-cı il iyunun 14-də “Açıq Səma” Sazişini imzalayıb. “Açıq Səma” Sazişi ikitərəfli aviasiya əlaqələrini liberallaşdırıb və hər iki ölkənin hava daşıyıcılarına istehlak tələbatını ödəmək üçün uçuşların planlaşdırılmasına icazə verib.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC 2014-cü il sentyabrın 24-də Bakı-Nyu-York-Bakı reysi ilə birbaşa uçuşlara başlayıb
2017-ci ilin aprel ayında Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və Amerikanın "Boeing" Korporasiyası 10 ədəd “Boeing 737 MAX-8” sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzalayıb. "Azərbaycan Hava Yolları" sözügedən təyyarələrin operatorudur. Müqavilənin ümumi dəyəri təxminən 1 milyard dollar təşkil edir.