Accessibility links

AZAL Ermənistan üzərindən Naxçıvana uçuş gerçəkləşdirib


AZAL Şirkəti
AZAL Şirkəti

“Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb.

Bu barədə AZAL-ın Facebook səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərinin maraqlarına cavab verir: "Bakı-Naxçıvan-Bakı reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq".

Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər.

Azərbaycanın digər hissələri ilə Naxçıvan Muxtar Respublikasının quru sərhədi yoxdur.

Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bir-birinin hava məkanından istifadə etməyib.

Bir müddət əvvəl isə İran öz hava məkanını Azərbaycanın təkcə hərbi aviasiyası üçün yox, həm də mülki aviasiyası üçün bağlayıb.

Son zamanlar Azərbaycan rəsmilərinin İrana məxsus yük maşınlarının onların nəzarətində olmayan ərazilərinə qanunsuz yük daşımasını bəyan etməsi Azərbaycan və İran arasında gərginliklərin daha da armasına səbəb olub. Bununla bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq ona nota təqdim edilib.

Xatırlatma

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG