Accessibility links

"Söhbət Avropa İnsan Haqları Məhkəməsindən və onun verdiyi qərara hörmətdən gedir." [Audio-Müsahibə]


Azər Qasımlı

REAL Hərəkatının Siyasi məsələlər üzrə katibi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Avropa Şurası Nazirlər Komitəsinin İlqar Məmmədovla bağlı qərarının icra olunmaması məsələsinin müzakirəsi haqqında danışıb.

Onun sözlərinə görə, oktyabrın 25-ində keçiriləcək müzakirələrdən gözləntiləri ondan ibarətdir ki, Nazirlər Komitəsi iclasda Azərbaycanın Avropa Şurasından çıxarılması ilə bağlı qərarın üzərində duracaq və sorğunu Avropa Şurasına göndərəcək.

“Biz anlayırıq ki, belə bir halın olması ölkə üçün yaxşı bir hal deyil. Amma digər tərəfdən Azərbaycanda avtoritar rejimin qalması və bundan sonra daha da güclənməsi də eyni şəkildə Azərbaycan və gələcəyimiz üçün yaxşı deyil. Ona görə Avropa Şurası tərəfindən belə bir qərarın verilməsi Azərbaycan hakimiyyətini geri çəkilməyə və insan hüquq və azadlıqlarına hörmət etməyə vadar edə bilər.”

Azər Qasımlı onu da əlavə edir ki, əgər Azərbaycanın Şuraya üzvlüyü ilə bağlı sorğu qərarı verilməsə, bu Avropa Şurasının imicinə ciddi zərər vura bilər.

“Avropa Şurası mövqeyindən geri çəkilərsə bu o deməkdir ki, təşkilat kiçik bir ölkənin - avtoritar rejiminin oyuncağına çevrilib. Burada söhbət Avropa İnsan Haqları Məhkəməsindən və onun verdiyi qərara hörmətdən gedir. Azərbaycan Avropa Şurasına üzv olanda üzərinə götürdüyü öhdəliklərdən biri də Avropa İnsan Haqları məhkəməsinin qərarlarını icra etməkdir. Buna da əməl etməlidir.”

Azərbaycan AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir

REAL-ın siyasi məsələlər üzrə katibi əlavə edir ki, Azərbaycanın bu öhdəliklərə əməl etməməsi birbaşa Avropa təşkilatları və onların prinsiplərinə qarşı hörmətsizlikdir.

“Azərbaycan əgər bu qərarları yerinə yetirmirsə, bu prinsiplərə açıq şəkildə tüpürürsə və Avropa Şurası bununla bağlı yekdil qərara gələ bilmirsə, bu o deməkdir ki, təşkilatda ciddi problemlər var. Avropa Şurasındakı deputatlar, siyasətçilər də bunu gözəl anlayır və bunun da nəticəsidir ki, Azərbaycanla bağlı məsələ bu qədər radikal şəkildə gündəmdədir.”

Hakimiyyət var gücü ilə bu qurultayın keçirilməsinə mane olmaq istəyir.

Oktyabr ayının 29-unda keçirilməsi nəzərdə tutulan qurultayla bağlı suallarımızı cavablandıran Azər Qasımlı bildirir ki,Təşkilat Komitəsi oktyabrın 2-də partiyanın Təşəbbüs Qrupu adından qurultaya yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlasa da, BŞİH-in qanunla nəzərdə tutulan 15 gün ərzində müraciətlərə cavab vermə qaydasını pozduğunu qeyd edib.

“Görünən odur ki, bizə qurultay keçirmək üçün yer ayırmaq istəmirlər. Çünki, burada söhbət yeni yaranan, insanların inana biləcəyi siyasi təşkilatdan gedir. Digər tərəfdən də İlqar Məmmədovun yaranacaq həmin o siyasə təşkilatın sədri seçilmək şansı böyükdür. İlqar Məmmədovun adı ilə bağlı olduğuna görə hakimiyyət bütün gücü ilə bu tədbirin qarşısını almağa çalışır.”

İlqar Məmmədov
İlqar Məmmədov

Azər Qasımlının sözlərinə görə, otel və restoranlara partiya qurultayının keçirilməsi üçün müraciət edilsə də müraciət olunan obyektlər siyasi partiya tədbirlərinə yer ayırmadıqlarını bildirərək yer verməkdən imtina ediblər.

“Deyirlər ki, sizə yer versən sonra vergi gələcək, polis gələcək. Başımızı ağrıdacaqlar.”

Bütün bu çətinliklərə baxmayaraq REAL-ın siyasi məsələlər üzrə katibi hər bir halda qurultayın keçirələcəyini vurğulayıb.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG