Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 6 603 yeni yoluxma faktı qeydə alınıb, 6 347 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 732 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 672 256 nəfər müalicə olunaraq sağalıb, 8 998 nəfər vəfat edib, aktiv xəstə sayı 51 126 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 401, ötən müddət ərzində isə ümumilikdə 6 352 994 test aparılıb.
Azərbaycanın Səhiyyə naziri Teymur Musayev fevralın 10-da keçirdiyi brifinqdə bildirib ki, ölkədə koronavirusa yoluxmanın artmasının səbəbi hazırda mövcud olan "omikron” ştamıdır.
Teymur Musayev buna baxmayaraq Azərbaycanda koronavirusla bağlı vəziyyətin idarəolunan, tam nəzarət altında olduğunu deyib.
“Hazırda "omikron"la bağlı məhdudlaşdırıcı addımların atılmasına zərurət yoxdur. Hər hansı qərar, xüsusi karantin rejiminin sərtləşdirilməsi, yoluxanların sayı, hospitalizasiya dinamikasına əsaslanır.“
Nazir xatırladıb ki, fevralın 15-dən sonra iki doza vaksin alan və vaksinlərin vurulmasından 6 ay keçən şəxslərin peyvənd sertifikatları etibarsız sayılacaq.
"Bunu əsas tutaraq hər bir vətəndaşı buster dozanı qəbul etməyə səsləyirəm. Kim iki doza qəbul edibsə immun sistemlərini gücləndirmək üçün buster dozanı vurdurmalıdır."
Xatırlatma
Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.
Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 218 min 555, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 248 min 382, ikinci mərhələ üzrə 4 milyon 752 min 395, vurulan “buster” doza vaksinlərin ümumi sayı isə 2 milyon 217 min 781-dir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il martın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.