Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynadan təxliyə edilən Azərbaycan vətəndaşlarının sayını açıqlayıb


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi Ukraynayadakı vəziyyətlə əlaqədar bu ölkədən təxliyə edilən vətəndaşları ilə bağlı açıqlama yayıb.

Nazirliyin rəsmi saytında martın 4-də yayılan məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının Moldova, Polşa, Slovakiya, Macarıstan və Rumıniya ərazisinə keçidi davam edir.

Bu dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti qaldırılıb (yalnız səyahət sənədi təqdim edilir), COVID-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb olunmur:

"Ukraynada hərbi əməliyyatların başlanmasından quru yolla qonşu ölkələrdən Moldovaya 6 min 500 nəfər, Polşaya 770 nəfər, Rumıniyaya 318 nəfər, Slovakiyaya 60 nəfər, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub," Xarici İşlər Nazirliyi bildirir.

Nazirlik qeyd edir ki, Rumıniya ərazisindən həyata keçirilən beş çarter reysi ilə 900 nəfər, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub.

“Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik,” nazirlik qeyd edir.

Ukraynada nə qədər Azərbaycan vətəndaşı var

Ukraynada nə qədər Azərbaycan vətəndaşının olduğu rəsmən açıqlanmayıb.

Azərbaycanlıların Ukraynadakı diaspor təşkilatlarının rəsmi təsdiqini tapmamış məlumatlarına görə, bu ölkədə beş yüz mindən çox azərbaycanlı yaşayır.

Vətəndaşların vizasız gediş-gəlişi barədə Ukrayna Nazirlər Kabineti və Azərbaycan Hökuməti arasında 14 fevral 2002-ci ildə Kyivdə imzalanmış Sazişə uyğun olaraq, Azərbaycan vətəndaşları daimi yaşama yerlərindən asılı olmayaraq, Ukraynada olma və ölkədə qeydiyyatla bağlı qüvvədə olan qanunvericiliyə əməl etməklə Ukraynaya vizasız daxil olmaq, tranzit, çıxış və qalma hüququna malikdirlər.

Azərbaycan vətəndaşları 180 gün müddətində Ukrayna ərazisində vizasız qala bilər.

XS
SM
MD
LG