Accessibility links

Azərbaycan və Almaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib


Ceyhun Bayramov and Annalena Beerbok
Ceyhun Bayramov and Annalena Beerbok

Martın 29-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniyaya səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Annalena Beerbok ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin inkişafı, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın inkişafı üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov regiondakı son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə dair məlumat verib, habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dair Azərbaycanın baxışı ilə bölüşüb.

Görüşdə Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu və Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığı vurğulanıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparıb.

Almaniya Azərbaycanın müstəqilliyini 12 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin fevralın 20-də qurulub. 1992-ci il sentyabrın 2-də Azərbaycanın Almaniyada, həmin il sentyabrın 22-də isə Almaniyanın Azərbaycanda səfirliyi açılıb.

Azərbaycan-Almaniya iqtisadi-ticari əlaqələri dinamik inkişaf edən əməkdaşlıq sahələrindəndir.

Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin məlumatına əsasən, 2020-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsində Azərbaycanın payı təxminən 65 faiz təşkil edib. Eyni zamanda, Almaniyanın Federal İqtisadiyyat və İxraca Nəzarət Ofisinin məlumatına istinadən, Azərbaycan Almaniyanı neftlə təmin edən ölkələr sırasında 2020-ci ildə 9-cu yerdə olub. 2020-cu ildə Azərbaycandan Almaniyaya təqribən 2,5 milyon ton xam neft ixrac edilib.

5 may 2011-ci ildə Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupu təsis edilib. 12 noyabr 2012-ci ildə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatası açılıb.

Azərbaycanın Almaniyadakı Səfirliyinin məlumatına görə, hazırda təxminən 10200 nəfər Azərbaycan vətəndaşı Azərbaycanın Almaniyadakı Səfirliyində konsulluq qeydiyyatındadır. Amma Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının ümumi sayı təsdiqlənməmiş məlumatlara görə 17000 nəfər civarındadır.

Almaniyanın Azərbaycandakı Səfirliyi bildirir ki, iki ölkə arasında mədəniyyət sahəsində münasibətlərin başlanğıcı 19-cu əsrin əvvəlinə təsadüf edir.

“Azərbaycanın qərb bölgəsində (indiki Göygöl, əvvəllər Helenendorf, indiki Şəmkir, əvvəllər Annenfeld) çoxsaylı abidələr (kilsələr də daxil olmaqla) 1818-1819-ci illərdən etibarən burada məskunlaşmış şvabları xatırladır.

Almaniya Azərbaycanda müsbət imicə malikdir. 1995-ci ildə ikitərəfli “Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Sazişi” mzalanıb. 2008-ci ildə Azərbaycan xaricdə öz ilk mədəniyyət ilini Almaniyada keçirib.

Xarici dillər arasında alman dili rus və ingilis dillərindən sonra üçüncü yerdədir və çoxsayli orta və ali məktəblərdə tədris olunur,” səfirliyin məlumatında qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG