Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, 2022-ci il martın 6-dan etibarən dövlət orqanlarında vətəndaşların qrup halında qəbulu, dini rituallar, yas və toy mərasimləri, bütün kütləvi tədbirlərin keçirilməsi, ictimai iaşə obyektlərindən insanların istifadəsi ilə bağlı say və vaxt məhdudiyyətləri aradan qaldırılıb.
Fəaliyyətinə icazə verilən xidmətlərdən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilər.
Bununla yanaşı qapalı yerlərdə tibbi maskadan istifadə olunacaq.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il mayn 1-dək xüsusi karantin rejimi tətbiq edilib.
Azərbaycanda keçən il fevralın 18-dən vaksinasiya başlayıb.
Operativ Qərargahın qərarına görə, 2021-ci il mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
2021-ci il iyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.
Ölkədə 2021-ci il sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.
Bu il fevralın 15-dən isə buster doza vaksin vurdurmayan insanlar ictimai-iaşə müəssisələrinə, ticarət mərkəzlərinə, iş yerlərinə buraxılmır.