Accessibility links

Kommunizmə qarşı mübarizə veteranları Qərb dövlətlərini Rusiyanın təcavüzünü dayandırmağa çağırır


Ukraine
Ukraine

“Sovet və Putin Rusiyasının əsarətində olan xalqların müstəqilliyi naminə kommunizmə qarşı mübarizə veteranları” Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı bəyanatla çıxış edib.

“Rusiyaya qarşı tətbiq edilən beynəlxalq sanksiyalar Ukraynanın müdafiəsi üçün effektiv deyil. ABŞ və Böyük Britaniya Ukraynanın nüvə silahından imtinasına dair sazişin qarantları kimi Ukraynaya hərbi yardım göstərməlidirlər”, bəyanatda deyilir.

Sənədi 30-dan çox veteran - 1980-1990-cı illərdə keçmiş SSRİ respublikalarından, sosialist düşərgəsi və Qərb ölkələrindən olan demokratik hərəkatların iştirakçıları imzalayıb. Sənədi imzalayanların arasında 1992-1993-cü illərdə Azərbaycan parlamentinin spikeri, Müsavat Partiyasının keçmiş rəhbəri İsa Qəmbər də var.

“Rusiyanın Ukrayna ilə müharibəsi Kremlin azad dünya ilə müharibəsinin başlanğıcıdır. Putin rəsmən bəyan edir ki, Rusiya imperiyasını bərpa etmək niyyətindədir. Rusiya Dövlət Duması Rusiya qoşunlarının Rusiya Federasiyasının hüdudlarından kənarda istifadəsinə razılıq verib. Bundan öncə, 2008-ci ildə saziş yalnız Gürcüstana aid idi. İndi bu, istənilən dövlətin fəthinə aiddir. Arzu edən dövlətləri tez bir zamanda NATO-ya qəbul etmək lazımdır,” bəyanatda deyilir.

“Qərbin zəifliyini hiss edən Putin fəth etdiyilə kifayətlənmir və şantaj üsullarından istifadə edir, çünki onun məqsədi Atlantikadan Sakit okeana qədər Rusiyadır. Azad dünyanın tətbiq etdiyi sanksiyalar səmərəsiz olduğunu sübut etdi. Heç nəyin qarşısında durmadan SWIFT blokadası tətbiq etmək, Rusiyanı və onun vətəndaşlarını beynəlxalq iqtisadi, siyasi, mədəni, ictimai və idman həyatından kənarlaşdırmaq lazımdır”, bəyanat müəllifləri bildirib.

“Putin və Lukaşenkonun cinayətlərini sənədləşdirmək bizim borcumuzdur ki, yaxın gələcəkdə bu cinayətkarlar Beynəlxalq Tribunalın qarşısına çıxarılsın. Ukraynanın NATO-ya qəbuluna və savaşan Ukraynaya yardıma mane olan dövlətlərin liderləri də öz xalqları və tarix qarşısında məsuliyyət daşıyacaqlar,” sənəddə deyilir.

“Böyük Britaniya və ABŞ Ukraynaya hərbi yardım göstərməyə borcludurlar, çünki o, suverenlik və ərazi bütövlüyünə zəmanət müqabilində özünün atom silahını verib. Əgər azad dünya Ukraynaya yardım göstərməsə, bununla o, Rusiyanın potensial təcavüzündən müdafiəni təmin etmək üçün digər dövlətlərin atom silahı əldə etməsinə siqnal verəcək," bəyanat müəllifləri belə hesab edir.

Onlar güman edirlər ki, əgər Ukrayna “rus ordasını durdura bilməsə”, bütün Avropada insanların azadlığı təhlükə altına düşəcək.

"Hələ ki seçim var, amma fəaliyyətə başlamaq üçün çox az vaxtımız var," sənəddə vurğulanır.

XS
SM
MD
LG