Accessibility links

Azərbaycan və İsveç saziş imzalayıb [Video]


Azərbaycan və İsveç Saziş imzalayıb
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Azərbaycan və İsveç Saziş imzalayıb

İsveçin xarici işlər naziri Bakıda səfərdədir. O azad medianın cəmiyyətdə vacib rolunu qeyd edib

İsveçin xarici işlər naziri Marqot Vallström Azərbaycanda səfərdədir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və xanım Vallströmin görüşündən sonra “Azərbaycan hökuməti ilə İsveç hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında konvensiya” imzalanıb.

Nazirlərin birgə mətbuat konfransında xanım Vallström bildirib ki,ikiqat vergitutmanın aradan qaldırılması hər iki ölkənin şirkətlərinə geniş imkanlar yaradır.

“Bu peşəkar münasibətlərin və biznes münasibətlərinin inkişafına geniş təkan verəcək”, o qeyd edib.

Nazir Məmmədyarov deyib ki, sənədin imzalanması İsveç şirkətlərinin Azərbaycanda iş qurmasına kömək edəcək.

Nazirlər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

“İki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir. Görüşdə əməkdaşlıq məsələləri müzakirə olundu, xanım nazirə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdim. İsveç BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmaq istəyir, əgər bu baş verərsə, Qarabağa dair Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsinə çalışacaqlarına ümid edirəm”, Elmar Məmmədyarov qeyd edib.

İsveçin xarici işlər naziri erməni və azərbaycanlı qadınların münaqişədə rolundan danışıb və erməni və azərbaycanlı qadınların görüşünün təşkilini təklif edib.

“Qarabağın azərbaycanlı və erməni icmasının qadın üzvlərinin görüşünü dəstəkləyirik. Azərbaycan tərəfi bu təklifi qəbul edib və görüşə hazırdır. Bu maraqlı elementdir”, Məmmədyarov bildirib.

Xanım Vallström həmçinin dini icmalar arası əlaqələr və gender bərabərliyi ilə bağlı müzakirələr aparıldığını deyib. Azərbaycanın dini icma təmsilçiləri 2015-ci ilin noyabrında İsveçə səfər edib.

“Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarının 48 faizini qadınlar təşkil edir. Bu İsveçdəki qədər deyil, amma mühüm göstəricidir”, Məmmədyarov deyib.

İsveç xarici işlər naziri hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsdən azad etdilməsini alqışlayıb və medianın cəmiyyətdə mühüm element olduğunu xatırladıb.

İsveç Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışılqarın aparılmasını dəstəkləyir. Danışıqlarda həmçinin Minsk qrupunun geniş tərkibdə toplaşaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparması da söhbət mövzusu olub. Azərbaycan bu təşəbbüsü qəbul edib.

Elmar Məmmədyarov İsveçin səfirinin Azərbaycanda daimi fəaliyyət göstərməsi ilə bağlı arzusunu diqqətə çatdırıb.

“İstərdik ki, Bakıda daimi səfir fəaliyyət göstərsin. Biz rezident səfirin olacağını gözləyirik”, o qeyd edib.

Suallara cavabda İsveçin xarici işlər naziri Marqot Vallström “Şərq Tərəfdaşlığı” proqramının iflasa uğraması ilə bağlı iddiaların əsassız olduğunu deyib.

“Biz Şərq Tərəfdaşılığı proqramına önəmli yanaşırıq. Biz tərəfdaşlıqda öhdəliyimizi yerinə yetirməliyik. Mən nazir olaraq bildirirəm ki, Şərq Tərəfdaşlığını prioritet olaraq qoruyacağam. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq üçün hüquqi sənədin yenilənməsini dəstəkləyirik. Bu sənədlər Azərbaycanla bizim birgə maraqlarımızı əks etdirməlidir”, o qeyd edib.

Nazir Məmmədyarov Avropa İttifaqına strateji tərəfdaşlıq haqqında saziş təqdim etdiyini xatırladıb və İsveçə bu təklifi dəstəklədiyi üçün təşəkkür edib.

Azərbaycan xarici işlər naziri Azərbaycanla Aİ arasında viza sadələşdirilməsinə dair sənəd imzalandığını, lakin bu istiqamətdə daha böyük işlərin görümləsinin vacibliyini qeyd edib.

"İstəyirik ki, sadə vətəndaşlar da pasportla Aİ ölkələrinə rahat gedib-gələ bilsinlər”.

Suallara cavabda nazir Məmmədyarov deyib ki, prezident İlham Əliyev fevralın 12-14-dək keçirləcək təhlükəsizlik üzrə illik Münhen konfransında iştirak edəcək.

Onun sözlərinə görə, Əliyev energetika məsələlərinə həsr olunan panel konfransda çıxış edəcək.

Azərbaycan xarici işlər naziri Azərbaycanın ABŞ-dakı səfirliyinə Avropa Şurası Parlament Assambleyasında Azərbaycana dair qətnamənin qəbul edilməməsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Viktoriya Nulandın rolunun olması məsələsini araşdırmaq tapşırıldığının verildiyini bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan səfirliyi məsələni araşdırır. Bu barədə araşdırma başa çatdıqdan sonra əlavə məlumat veriləcək.

Nazir Minsk qrupunun həmsədrləri ilə görüşün olub-olmayacağı barədə suala da aydınlıq gətirib.

“Azərbaycan Minsk qrupunun həmsədrləri ilə hələ görüş planlaşdırmır”, o qeyd edib.

XS
SM
MD
LG