Accessibility links

Azərbaycan Ordusu kəşfiyyat-diversiya qrupunu geri oturdub


Kəşfiyyatçı (Foto təlim zamanı çəkilib)
Kəşfiyyatçı (Foto təlim zamanı çəkilib)

İtkilərlə bağlı məlumat verilmir. Cəbhə xəttində gərginlik artmaqda davam edir

Yanvarın 24-də saat 06.00 radələrində erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Tərtər rayonu istiqamətində, Qapanlı və Seysulan yaşayış məntəqələri arasında, qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumatb yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərə yaxınlaşmaq cəhdi qabaqcadan aşkar edilərək qarşısı alınıb. Qısamüddətli şiddətli atışmadan sonra erməni bölmələri geri çəkilməyə məcbur edilib.

Mətbuat xidməti bildirir ki, Azərbaycan Ordusunun ön xəttdə yerləşən bölmələriini apardığı müşahidələrdə düşmənin geri çəkilməsi zamanı verilən əmr və komandaların yalnız erməni dilində deyil, qeyri-erməni dilində də səsləndirilməsi qeydə alınıb. Amma, mətbuat xidməti əmr və komandaların konkret hansı dildə verildiyini bildirmir.

Eyni zamanda itkilərlə bağlı da məlumat verilmir

Ermənistan tərəfi hələ cəbhədə baş verənlərlə bağlı məlumat yaymayıb.

Son günlər Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs rejiminin pozulması halları intensivləşib. Ekspertlər cəbhədə vəziyyətin gərginləşməsində Rusiyanın maraqlı olduğunu qeyd edir. Belə ki, gərginlik Azərbaycan və Ermənistan prezidentlərinin bu ilin fevralında keçiriləcək görüşü öncəsi baş verir. Bu gün, yanvarın 24-də Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə prezidentlərinin görüşünün hazırlanması istiqamətində danışıqlar aparacaq.

Ekspertlər hazırda danışıqlar prosesi Rusiyanın deyil, Amerikanın təşəbbüsü altında olduğunu ehtimal edir.

Xatırladaq ki, Rusiya prezidentinin təşəbbüsü ilə 2008-2012-ci illərdə Azərbaycan və Ermənistan prezidentlərinin ondan çox görüşü keçirilib və münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməyib.
XS
SM
MD
LG