Sentyabrın 29-da Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov və ölkədə səfərdə olan Türkiyə Hərbi Hava Qüvvələrinin Şəxsi Heyətlə İş İdarəsinin rəisi Emin Ayık iki ölkənin Hərbi Hava Qüvvələrinin təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, uçuş və texniki heyətlə keçirilən görüşdə birgə təlim-döyüş uçuşları zamanı praktiki tapşırıqlar, şərti hava döyüşləri imitasiya olunmaqla müxtəlif manevrlərin yerinə yetirilməsi və yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışların ilkin təhlili aparılıb.
Türkiyə tərəfinə helikopter pilotlarının hazırlanmasında istifadə olunan trinajorlar nümayiş etdirilib.
Görüşdə həmçinin növbəti mərhələdə icra olunacaq təlim-məşq tapşırıqları geniş heyətdə müzakirə edilib. İki ölkənin Hərbi Hava Qüvvələrinin növbəti birgə təlimləri 2015-ci ilin martında Türkiyədə keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, son bir neçə həftə ərzində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycanda birgə hərbi təlimlər keçirib.