Accessibility links

Azərbaycan və Türkiyə siyasi məsləhətləşmələr keçirib


Azərbaycan və Türkiyə bayraqları
Azərbaycan və Türkiyə bayraqları

Azərbaycan-Türkiyə xarici işlər nazirlikləri siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyəni isə xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçın təmsil edib.

Görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb,əlaqələrin yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, eyni zamanda beynəlxalq təşkilatlar səviyyəsində, hər iki ölkənin maraqlarına cavab verən şəkildə həyata keçirildiyi bildirilib.

Son zamanlar Türkiyədə baş verən hadisələrin Azərbaycanda böyük narahatlıqla izləndiyi, bu hadisələrin Türkiyənin daxili və xarici siyasətindəki stabilliyin pozulmasına yönəldiyi ilə bağlı narahatlıq dilə gətirilib.

“Azərbaycan terrorun bütün forma və təzahürlərini qınayır. Azərbaycanın Türkiyəyə daim dəstək verirvə onun yanındadır. Türkiyə və türk xalqı çətinlikləri tezliklə dəf edəcək və tarixin bu sınağından qalibiyyətlə çıxacaq”, Azərbaycan tərəfi bildirib.

Həmçinin, Türkiyə ilə Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli formatlarda əməkdaşlıqdan məmnunluq ifadə edilib, bunun regional əməkdaşlığın inkişafına önəmli töhfələr verdiyi qeyd olunub.

İki ölkə arasında çoxtərəfli əsasda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli istiqamətində birgə səylərin artırılmasına diqqət çəkilib.

Görüş zamanı, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.

XS
SM
MD
LG