Accessibility links

İlham Əliyevin namizədliyi təsdiq edildi


İlham Əliyev
İlham Əliyev

Azərbaycanın Mərkəzi Seşki Komissiyasının rəsmi saytının məlumatına görə, avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.


Əvvəlcə MSK katibi Arifə Muxtarova Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin təsdiq olunmasına dair məsələ barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 7 iyun 2013-cü il tarixli V Qurultayının və həmin partiyanın İdarə Heyətinin 5 avqust 2013-cü il tarixli iclasının qərarları ilə 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.


Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 5-də partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.


Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyi təsdiq edilsin.


İlham Əliyev MSK tərəfindən qeydə alınan ilk namizəddir.

Prezident seçkiləri oktyabr ayının 9-da keçiriləcək.

İlham Əliyevin namizədliyi bu il iyunun 7-də partiyanın qurultayında irəli sürülüb.

Bu, İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyidir. Azərbaycan Konstitusiyası 2009-cu ilədək bir nəfərin ardıcıl şəkildə iki dəfədən artıq prezidentliyə namizəd olmasını qadağan edirdi. 2009-cu ildə keçirilən referendum nəticəsində bu məhdudiyyət aradan qaldırılıb.
XS
SM
MD
LG