"Hətta karusel əməliyyatları ilə belə müşahidəçilərimiz saat 14-dək seçicilərin iştirakının 10% olduğunu təxmin edir." - Müsavat Partiyasının başqanı Arif Hacılı seçkilərdə baş verən qanun pozuntuları haqda Amerikanın Səsinə danışır.
Milli Məclisə növbədənkənar seçkilər üzrə səsvermə Bakı vaxtı ilə saat 19-da başa çatıb. Artıq seçki məntəqələrində səslərin sayılmasına başlanılıb.
Parlament seçkilərində səsvermə 125 seçki dairəsini əhatə edən 5573 seçki məntəqəsində keçirlib.
Seçkilərdə 1314 deputatlığa namizəd mübarizə aparır. Onlardan 246-sı siyasi partiyaların siyahıları ilə, 1057-i öz təşəbbüsü ilə, 11-i isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Namizədliyi qeydə alınanların 79 faizi kişi, 21 faizi qadınlardır. Mərkəzi Seçki Komissiyası bildirir ki, Bakı vaxtı ilə saat 17-dək Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 milyon 329 min 461 nəfər seçicidən 2 389 754 seçici səs verib. Seçici fəallığı 44.84 faiz təşkil edib.
Rəsmi məlumata görə, seçkiləri 77 790 yerli müşahidəçi izləyib. Onlardan 35 152-si siyasi partiyaların müşahidəçiləridir.
Bundan başqa, seçkilərlə əlaqədar 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib ki, onlar 58 ölkə vətəndaşlarıdır.
Seçkiləri həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçisi müşahidə edib.
Seçki günü Avropa Şurası Parlament Assambleyasının və ATƏT Parlament Assambleyasının müşahidəçiləri də DTİHB-nin müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyib.