Accessibility links

Ötən il Azərbaycanın turizm gəliri 7 dəfə azalıb


Ötən il Azərbaycana səfər edən hər dörd nəfərin üçü Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları olub.

Koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, ötən il cəmi 384 milyon turist səyahətə çıxıb.

Dünyada sonuncu dəfə 1990-cı illərin əvvəllərində buna yaxın göstərici qeydə alınıb. Halbuki, 2019-cu ildə həmin göstərici 1 milyard 500 milyona yaxın idi. Bu, bir il ərzində dünyada turist sayının 75 faizə yaxın azalması deməkdir.

Pandemiyanın turizmə təsiri nəticəsində ötən il dünya ölkələri 1 trilyon 300 milyard dollar həcmində turizm gəlirindən məhrum olub.

Turizm iqtisadiyyatı bir çox digər sahələrin fəaliyyətinə də təsir etdiyindən, turizmdəki durğunluq qlobal ümumi daxili məhsulun toplam 2 trilyon dollar azalmasına səbəb olub. Maliyyə itkiləri ilə yanaşı, bütün dünyada turizm sektorunda çalışan 120 milyonadək şəxs işini itirmə təhlükəsi ilə üz-üzə qalıb.

Azərbaycanda 7 dəfə azalan turizm gəlirləri

Turizm sahəsi özəlliklə devalivasiyasonrası illərdə Azərbaycan iqtisadiyyatı üçün daha mühüm istiqamət olmağa başladı.

Bu səbəbdən, son illərdə turizm sahəsi ölkəyə neft satışından sonra ən çox valyuta gətirən istiqamətlərdən biri kimi diqqət çəkirdi. Ancaq ötən il, bütün dünyada olduğu kimi, Azərbaycana gələn turist sayında da ciddi azalma qeydə alındı.

Rəsmi rəqəmlərə görə, 2020-ci ildə ölkəyə 796 minə yaxın xarici vətəndaş səfər edib. Bu, 2019-cu illə müqayisədə dörd dəfə azalma deməkdir.

Ötən il Azərbaycana səfər edən hər dörd nəfərin üçü Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları olub.Səfər edən turistlərin azlığı ölkəyə axan turizm gəlirlərini də ciddi ölçüdə azaldıb. Əgər 2019-cu ildə Azərbaycana səfər edən turistlər ölkədə 2 milyard 971 milyon manat xərcləmişdisə, ötən il bu vəsait cəmi 415 milyon manata yaxın olub. Yəni, 2020-ci ildə Azərbaycanın əldə etdiyi turizm gəlirləri 7 dəfədən çox azalıb.

Əgər son üç il ərzində Azərbaycana səfər edən əcnəbilərin ölkədə xərclədiyi pul xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının xərclədiy vəsaiti bir neçə yüz milyon qabaqlayırdısa, ötən il bu göstərici, təxminən, eyni olub. Ötən il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşları 413 milyon manat vəsait xərcləyiblər. 2019-cu ildə həmin göstərici 2 milyard 407 milyon manat idi.

Turist azlığının təsirləri

Turistlərin sayca azalması ötən il bu sektorda çalışan şirkət və işçi sayını, eləcə də gəlirləri azaldıb.

Rəsmi rəqəmlərə görə, 2019-cu ildə ölkədə 432 səyahət agentliyi və tur operatoru fəaliyyət göstərirdisə, ötən ilin sonunda bu rəqəm 300-ə enib. Başqa sözlə, bir il ərzində, ən azı, 132 müəssisə fəaliyyətini dayandırıb. Bu üzdən, həmin şirkətlərdə çalışan işçilərin sayı il ərzində 2 min 205 nəfərdən, 1 min 464 nəfərə enib.

Hotellərdə çalışan işçilərin sayı da eyni dövrdə 12 min 500 nəfərdən 10 min 700 nəfərədək geriləyib. Bu, təkcə turizm agentlikləri və hotellərdə rəsmi rəqəmlərə görə 3 min insanın işini itirməsi deməkdir.

64 mindən 5 minə

Səyahət agentlikləri və tur operatorlarının əldə etdiyi gəlir həcmində də ciddi azalma var. Əgər həmin şirlətlər 2019-cu ildə 63 milyon 400 min manata yaxın gəlir qazanmışdısa, ötən il bu rəqəm cəmi 16 milyon 150 min manat olub.

Onu da nəzərə almaq lazımdır ki, əgər 2019-cu ildə turizm şirkətləri məhsul və xidmətlərin istehsalına 50 milyon 400 min xərcləmişdisə, ötən il xərclər 22 milyon manatı aşmayıb. Yəni, son illərdə ilk dəfə xərclər gəlirləri üstələyib və 6 milyon manata yaxın zərər qeydə alınıb.

Həmin şirkətlərin satdığı turizm yollayışlarının sayı 64 mindən 5 min 300-ə düşüb. Hotel gəlirləri də həmin dövr ərzində 450 milyon manatdan 117 milyon manata geriləyib.

Qeyd etmək lazımdır ki, turizm agentliklərinin və tur operatorlarının sayı azalsa da, hotel sayında nisbi artım gözə çarpır. 2020-ci ildə ölkədə hotel və hotelvari müəssisə sayı 642-dən 655-ə yüksəlib.

Ölkədə fəaliyyət göstərən hotellərin tutumu da il ərzində 49 min 980 nəfərdən 50 min 687 nəfərə yüksəlib. Bununla belə, hotelə yerləşdirilən şəxs və gecələmələrin sayında ciddi azalma var.

2019-cu ildə ölkədə hotellərə 1 milyon 920 min şəxs yerləşdirilmiş, 3 milyon 345 min gecələmə qeydə alınmışdı. Ötən il həmin göstəricilər, müvafiq olaraq, 669 minə və 1 milyona enib.

XS
SM
MD
LG