Accessibility links

“Azərişıq”ın şübhəli müqavilələri


Azərişıq-logo

Bülbülədə yerləşən bu ev, qonşuların dediyinə görə, Aqşin Əhmədovun mənzilidir. Qonşuları dəqiq nə işlə məşğul olduğunu bilmir. Bircə onu bilirlər ki, iş adamıdır. Amma mənzil çox da sadə görünməsin. Əldə etdiyimiz mötəbər sənədlər Bülbülə qəsəbəsindəki bu ünvanın 2016-cı ilin əvvəlindən bəri 169 milyonluq dövlət sifarişlərini yerinə yetirmiş şirkətlərə ev sahibliyi etdiyini deməyə əsas verir.

"Azərişiq" ASC-nin son vaxtlar fəal tərəfdaşı olan bir çox şirkətin hüquqi ünvanı Bülbülə qəsəbəsində yerləşir. Bu ünvana bu və ya digər şəkildə bağlı olan "Verdict Service Company" MMC, "Azconstruction" MMC və "Gatdigital" MMC şirkətləri 2016-cı ildə və bu il "Azərişıq"la ilə ümumi dəyəri 169 milyon manata çatan 19 satınalma müqaviləsi bağlayıblar.

Verdict Service Company» MMC, "Azconstruction" MMC və "Gatdigital" MMC şirkətləri 2016-cı ildə və bu il "Azərişıq"la ilə ümumi dəyəri 169 milyon manata çatan 19 satınalma müqaviləsi bağlayıblar.

Ölkədə qurulmaqda olan çoxsaylı, sahibi bilinməyən aqroparklardan ikisində elektrik təchizatı işlərinin yerinə yetirilməsi üçün tenderi udan şirkətin tikinti ilə məşğul olmaqdan ötrü lisenziyası yox imiş. "Azərişiq" ASC-nin tender komissiyası qalibi müəyyən edərkən əsas şərtlər toplusunda göstərilən digər vacib tələbə – şirkətin bu sahədə uğurlu təcrübəsinin olması məsələsinə də əhəmiyyət verməyib. Amma bütün bunlar "Verdict Service Company" MMC-nin digər adları açıqlanmayan rəqiblərini arxada qoyaraq, dəyəri 34 milyon manatdan yuxarı müqaviləni bağlamağa mane olmayıb.

Tender 2, yoxsa 3 aqropark üçün təşkil olunmuşdu?

Əslində bu ilin əvvəlində elan edilən tender iki rayonda – Hacıqabulda və Şamaxıda yaradılan aqroparkların elektrik təchizatı işlərinin görülməsi üzrə elan edilmişdi.

Nəticələr açıqlananda isə məlum oldu ki, söhbət daha bir rayonda – Goranboyda yaradılan aqroparkdan da gedirmiş. Nədənsə, tender komissiyası ikinci elanı dərc edərkən belə, işlərin həcminin və miqyasının artması haqda məlumat verməmişdi. Tenderin predmetinin dəyişdiyi yalnız onun nəticələri açıqlanandan sonra məlum oldu.

Martın ortasında baş tutan tenderin nəticələrini "Azərişiq" ASC-nin tender komissiyası iyunun 1-də elan etdi.

Üç hissəyə bölünmüş müqavilələr üzrə "Azərişiq" ASC digər tərəfdaşına – "Azconstruction" MMC-yə 36 milyon 883,5 min manat ödəməyə boyun olub.

İki hissədən ibarət tenderdən iki şirkət qalib çıxmışdı. "Verdict Service Company" MMC Hacıqabul və Şamaxı rayonlarında yaradılacaq aqroparkların elektrik təchizatı işləri üzrə, "Azconstruction" MMC isə Goranboy rayonunda yaradılan aqroparkda və Bakıda salınan "Ağ Şəhər"də müvafiq işlərin görülməsi üzrə qalib elan edilmişdi. Dərc olunmuş nəticələrə əsasən, "Verdict Service Company" MMC görüləcək işlərə görə elektrik təchizatçısından 34 milyon 231 min 869 manat 32 qəpik alacaq.

Üç hissəyə bölünmüş müqavilələr üzrə "Azərişiq" ASC digər tərəfdaşına – "Azconstruction" MMC-yə 36 milyon 883,5 min manat ödəməyə boyun olub.

Müqavilənin bağlanma tarixi: bir yerdə aprel, başqa yerdə iyul

"Azərişiq" ASC bu tender üzrə müqavilələrin bağlanması haqda məlumatı bir ay sonra, iyulun 5-də yayıb. Burada müəmmalı məqamlardan biri də budur ki, "Azərişiq" ASC qeyd olunan tenderin nəticələri üzrə bağlanmış müqavilələr haqqında İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti vasitəsilə açıqladığı yuxarıda göstərilən məlumatda fərqli tarixlər əks olunub. Nazirliyə təqdim olunmuş sənədlərdə müqavilələrin iyul ayında deyil, aprel və may aylarında bağlandığı bildirilir. Nazirlik özünün informasiya resursunda müqavilələrin aprel və may aylarında bağlandığını bildirir.

Təcrübəsi olmasa da, qalib gəldi

Elektrik təchizatı sisteminin yaradılması üzrə tikinti işlərini yerinə yetirəcək şirkətlərin seçimi ilə bağlı keçirilən satınalma müsabiqəsində qaliblərin müəyyən olunması prosesinin pərdə arxasında şübhəli məqamlar bununla yekunlaşmır. "Azərişiq" ASC-nin iştirakçılar qarşısında qoyduğu ilkin şərtlərdə sərt tələblər vardı. Məsələn, tələb olunurdu ki, tenderə qatılmaq istəyən şirkətlər son bir il ərzində elektrik təchizatı işləri üzrə minimal orta illik dövriyyəsinin həcminin 5 milyon manatdan az olmamasını təsdiq edən sənədlər təqdim etsin. Bundan başqa, tenderdə o şirkətlər iştirakçı ola bilərdi ki, onlar son bir ildə müvəffəqiyyətlə və tam başa çatdırılmış, bu sahə üzrə ən azı 3 müqavilədə ümumi dəyəri 5 milyon manatdan artıq olmaqla baş podratçı qismində iştirak etdiyini təsdiq edə bilsin.

Hüquqşünas Ramil Süleymanov deyir ki, adətən, bu, o məqsədlə edilir ki, tenderə təcrübəsiz şirkətlər girməsin. Onun sözlərinə görə, bəzən isə, təcrübədə bunun əksini görürük: tender komissiyası bu cür şərt ortaya qoymaqla ciddi şirkətləri bir növ «sıradan çıxarır».

"Azərişiq" ASC-nin tender yolu ilə şirkətlər təklif etdiyi inşaat işlərinin məsuliyyət dərəcəsi, ən azı, onların dəyəri ilə ifadə olunur. Di gəl ki, tenderin iki qalibindən biri tenderə sənədlərini təqdim edərkən, hətta qalib elan olunarkən onun heç tikinti fəaliyyətinə lisenziyası belə yox idi.

Nazirlik lisenziyanı tender bitəndən sonra verib 2010-ci ildə yaradılan "Verdict Service Company" MMC binaların təmizlənməsi sahəsində fəaliyyət göstərir. Azadlıq Radiosu müəyyən edib ki, şirkət tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziyanı bu ilin iyun ayının 14-də alıb. Başqa sözlə, tenderə sənəd təqdim edərkən, onun elektrik enerjisi obyektlərinin tikintisi sahəsində nəinki 5 milyon manat dəyərində icra olunmuş layihələri, heç bu sahədə işləmək üçün icazəsi və təcrübəsi olmayıb.

Vergilər nazirliyinin məlumatlarına görə, bu ilin iyun ayının 8-də "Verdict Service Company" MMC-nin qeydiyyatda olduğu ünvanda "Verdict Construction" MMC yaradılıb. Hər iki şirkətin rəhbəri Vaqif Rzaxanovdur.

"Azərişiq" susur

AzadlıqRadiosu "Azərişiq" ASC-yə müraciət edib və "Verdict Service Company"MMC-nin tenderin qalibi seçərkən hansı meyarlara əsaslandığını soruşub. Lakin qurumun mətbuat xidməti suala cavab verməkdən yayınıb. Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevə iyul ayından bəri göndərilən sorğuya cavab almaq mümkün olmadı. Şirkətə gəlincə, onun hər hansı əlaqə vasitəsi yoxdur. Elə Bülbülə qəsəbəsində yerləşən və "Azərişiq" ASC ilə fəal əməkdaşlıq edən digər iki şirkətin də özünü tanıdacaq nə bir internet saytı var, nə də başqa bir əlaqə vasitəsi.

Başqaları istehsal edir, bunlar satırlar

"Azconstruction" şirkəti 2016-cı ildə elektrik enerjisi təchizatçısına 48 milyon 630 min manat dəyərində elektrik avadanlıqları, komplekt transformator məntəqələri, paylayıcı yuvalar, güc transformatorları və sayğac panelləri satıb.

"Azconstruction" şirkəti barədə də ictimaiyyətə elə çox informasiya bəlli deyil. Bu şirkət barədə ictimaiyyətə açıq informasiya onun "Azərişiq" ASC ilə tərəfdaşlığı barədədir. O, 2016-cı ildə elektrik enerjisi təchizatçısına 48 milyon 630 min manat dəyərində elektrik avadanlıqları, komplekt transformator məntəqələri, paylayıcı yuvalar, güc transformatorları və sayğac panelləri satıb. Şirkət bu avadanlıqların istehsalçısı deyil. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu malların istehsalçısı kimi "ATEF Şirkətlər Qrupu" MMC, "Az-Elko" MMC, "GBS" MMC-ni və "Bakı Tələbat Qabları" ASC-ni tanıyır və onlara dövlət standartına uyğunluq sertifikatları verib.

"Azərişiq" ASC-nin digər mal-material təchizatçısı – "Gatdigital" şirkətinin fəaliyyəti barədə geniş məlumat yoxdur. O, sosial şəbəkədə özünü reklam və marketinq sahəsində çalışan qurum kimi təqdim edir.

XS
SM
MD
LG