Accessibility links

Azərbaycan xarici işlər naziri Nyu-Yorkda görüşlər keçirib


Azərbaycan xarici işlər naziri Nyu-Yorkda görüşlər keçirib
Azərbaycan xarici işlər naziri Nyu-Yorkda görüşlər keçirib

Elmar Məmmədyarov Nyu Yorkda ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarla görüş keçirib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov bir sıra tədbirlərdə iştirak edib və ikitərəfli görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, nazir E.Məmmədyarovla ABŞ dövlət katibinin müavini Villiam Börns arasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər müzakirə edilib və müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılıq ifadə edilib.

Bundan əvvəl isə Elmar Məmmədyarov Nyu Yorkda ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarla görüş keçirib. Görüş zamanı enerji təhlükəsizliyi və regional enerji layihələrinin həyata keçirilməsi məsələləri müzakirə edilib və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşiklə görüşüb. Görüş zamanı Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilib, bu prosesin davam etdirilməsinin zəruriliyi vurğulanıb. XİN mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov təəssüflə qeyd edib ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina edib və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb. Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan Minsk Qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin. Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Məlum olduğu kimi, Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək sülh sazişi üzərində işə başlamağı təklif edir. Nazir vurğulayıb ki, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq zərurətini tezliklə dərk etməsi regionda sülh və stabilliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar.

XS
SM
MD
LG