Accessibility links

Azərbaycan ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatına reaksiya verib


Azərbaycan ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatına reaksiya verib
Azərbaycan ABŞ Dövlət Departamentinin seçkilərlə bağlı bəyanatına reaksiya verib

Azərbaycan Xarici İşlər nazirliyi Dövlət Departamentinin seçkilərin beynəlxalq standartlara uyğun olmaması ilə bağlı açıqlamasını qəbul etmir. Müstəqil təşkilatlar isə seçkilərlə bağlı bəyanatların daha yumşaq tənqidə əsaslandığını bildirir

Rəsmi Bakı ABŞ Dövlət Departamentinin Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkiləri ilə bağlı açıqlamasına reaksiya verib. Azərbaycan Xarici İşlər nazirliyinin bu gün yaydığı bəyanatda deyilir ki, parlament seçkiləri ilə əlaqədar ABŞ Dövlət Departamentinin açıqlaması Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanıb. “Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması bir qayda olaraq həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlərdən köklü surətdə fərqlənmir. Dövlət Departamenti bəyan edir ki, Azərbaycanda noyabrın 7-də keçirilən “Parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib”. Həmin açıqlamada ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin Seçkiləri Müşahidə Missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur”, - deyə məlumatda qeyd edilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirir ki, beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanır ki, seçkilər dinc və debat şəraitində keçirilib, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnib və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndirib. “Bu da onu göstərir ki, seçkilər bütövlükdə əhalinin etimadını qazanıb”.

Bununla yanaşı Azərbaycan Hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş pozitiv işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq, lazımi ölçü götürəcəkdir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Parlament Assambleyası, Avropa Şurasının Parlament Assambleyası, Avropa Parlamenti və ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar ofisinin seçkilərlə bağlı birgə bəyanatında da ziddiyyətlərin olduğunu bildirib.

Nazir Məmmədyarov ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar ofisinin (OSCE/ODİHR) direktoru Janes Lenarciclə görüşündə deyib ki, “eyni bəyanatda seçki məntəqələrin 90 faizində seçki günü səsvermənin müsbət qiymətləndirilməsi fikri ilə yanaşı, seçki günü ciddi pozuntuların olması kimi ziddiyyətli qiymətləndirmələr də yer alıb”.

Öz növbəsində, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Amerikanın səsi” radiosuna müsahibəsində ATƏT-in İnsan Hüquqları və Demokratik Təşkilatlar ofisinin və Amerika Dövlət Departamentinin bəyanatlarının reallığı əks etdirdiyini deyib. “Hesab edirəm ki, bu bəyanatlar daha yumşaq tənqidə əsaslanıb. Bəyanatlar eyni zamanda seçkilərdəki qanun pozuntularını tam əhatə etmir”, - deyə o qeyd edib.

XS
SM
MD
LG