Accessibility links

Azərbaycan müdafiə naziri İrana səfər edib


Səfər Əbiyevi İranın müdafiə naziri Əhməd Vahidi dəvət edib.

Martın 12-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İranın müdafiə naziri Əhməd Vahidinin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedir.

İranın Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən İRNA-ya bildirilib ki, cənab Əbiyev qarşılıqlı maraq doğuran məsələlər barədə İranın müdafiə naziri və digər rəsmi şəxslərlə məsləhətləşmələr aparacaq. Danışıqlarda iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla yanaşı regional və beynəlxalq məsələlər də müzakirə ediləcək.

Xatırladaq ki, son zamanlar İran və Azərbaycan bir-birinə qarşılıqlı etiraz notaları ilə çıxış edib. Azərbaycan İranı bu ölkənin kəşfiyyat orqanlarının təlimatlandırdığı və silahla təchiz etdiyi şəxslərin Azərbaycanda terrora cəhddə ittiham edib. İran isə Azərbaycanı İsrail kəşfiyyatçılarının ərazisindən İrana keçməsinə imkan yaratmaqda günahlandırıb.

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin ötən həftə Naxçıvanda keçirdiyi görüş zamanı Azərbaycan-İran münasibətləri müzakirə edilib. Azərbaycan müdafiə nazirinin İrana səfəri Naxçıvan görüşündən bir neçə gün sonraya təsadüf edir.

XS
SM
MD
LG