Accessibility links

Azərbaycan və Avropa İttifaqı Cənub Dəhlizi layihəsi üzrə işçi qrupu yaradır


Azərbaycan və Avropa İttifaqı Cənub Dəhlizi layihəsi üzrə işçi qrupu yaradır
Azərbaycan və Avropa İttifaqı Cənub Dəhlizi layihəsi üzrə işçi qrupu yaradır

Azərbaycanla Avropa İttifaqı Cənub Dəhlizi layihəsi ilə bağlı işçi qrupu yaradılması barədə protokol imzalayıb. ARDNŞ-nin mənzil-qərargahında isə Azərbaycanda iri qaz layihələrində iştirak edən Avropa neft-qaz şirkətlərinin top menecerləri ilə görüş keçirilib.

Azərbaycan Sənaye və Energetika naziri Natiq Əliyevlə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger "Cənub dəhlizi" layihəsinin həyata keçirilməsi məqsədi ilə işçi qrupun yaradılması barədə niyyət protokolu imzalayıb.
Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, işçi qrup iki ayda bir dəfə Azərbaycan prezidenti və Avropa Komissiyasının rəhbərinə "Cənub dəhlizi" layihəsinin həyata keçməsinin gedişi ilə bağlı məlumat verəcək.
Xatırladaq ki, bu il yanvarın 13-də Bakıda prezident İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozu "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə" imzalayıb. "Cənub dəhlizi"nə "Ağ axın" (Gürcüstan-Qara dəniz-Ukrayna-Polşa), Nabucco (Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya), ITGI (Türkiyə-Yunanıstan-İtaliya) və TAR (Albaniya-İtaliya) kəmərləri daxildir. Layihə ilkin mərhələdə Azərbaycan qazı üçün hesablanıb.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətinin məlumatına görə isə yanvarın 14-də ARDNŞ-nin mənzil-qərargahında Azərbaycanda iri qaz layihələrində iştirak edən Avropa neft-qaz şirkətləri top menecerləri ilə görüş keçirilib.
Belə ki, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Total E&P-nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrellin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ARDNŞ və Total-ın Azərbaycanda birgə həyata keçirdiyi layihələrin gedişi və bu istiqamətdə mümkün perspektivlər müzakirə olunub.
Həmin gün ARDNŞ rəhbəri Statoyl şirkətinin təbii qaz üzrə icraçı vitse-prezidenti Rune Byornsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Tərəflər Bakıda prezidenti İlham Əliyevlə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu tərəfindən imzalanan "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"ni növbəti uğur kimi dəyərləndirib.

Turan Agentliynin məlumatına görə, Total və Statoyl şirkətləri Azərbaycan qazının xarici bazarlara tədarükü perspektivi ilə maraqlanır.

Agentlik bildirir ki, hazırda Total Xəzərin Azərbaycan sektorunda kəşfiyyat quyusu qazmağa hazırlaşır. Totalla birgə Gaz de France-nın iştirak etdiyi Abşeron strukturu təbii qazın iri yataqlarından hesab edilir.
Statoil isə ARDNŞ-nin ən iri xarici tərəfdaşıdır.

Xatırladaq ki, ötən həftə Türkmənistan da Avropaya qaz satacağını bəyan edib.
Prezident Qurbanqulu Berdiməhəmmədov Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun Aşxabada səfəri zamanı bildirib ki, onun ölkəsi təbii qaz ixracına hazırdır.

XS
SM
MD
LG