Accessibility links

Azərbaycanda daşqın və ev söküntüsü şikayətçiləri


Azərbaycanda daşqın və ev söküntüsü şikayətçiləri
Azərbaycanda daşqın və ev söküntüsü şikayətçiləri

Daşqınların nəticələrinin aradan qaldırılmasından və evlərinin sökülməsindən narazı vətəndaşlar Prezident Administrasiyasına şikayət edib

Kür və Araz çaylarında bu ilin may-iyun aylarında baş verən daşqınların nəticələri hələ də aradan qaldırılmayıb. Daşqınlar nəticəsində 20 minə yaxın ev, 50 min hektardan çox əkin, bağ və örüş sahələri su altında qalıb, 300-dən çox ev uçub, 2 minə qədər ev qəzalı vəziyyətə düşüb, çoxsaylı infrastruktur və digər sosial təyinatlı obyektlər sıradan çıxıb.

Milli Məclis daşqınların nəticələrinin aradan qaldırılması üçün dövlət büdcəsindən 300 milyon manat ayırıb. Hazırda fəlakət bölgəsində əhaliyə birdəfəlik kompensasiyalar verilir, yeni evlərin tikinti işləri davam etdirilir.

Bununla yanaşı, çoxsaylı yerli əhali kompensasiyaların verilməsi qaydasından, itkilərin qiymətləndirilməsi və evlərin tikintisi ilə bağlı aparılan işlərdən narazıdır. Onlar hesab edir ki, hökumət komissiyası əhalinin fikirlərini dinləmir, qiymətləndirmə aparılmır, kompensasiyanın verilməsində və evlərin tikilməsində ayrıseçkilik hallarına rast gəlinir. Bu gün daşqın zonasından olan onlarla sakin Prezident Administrasiyasına şikayət etmək üçün Bakıya gəlib.

Dövlət büdcəsindən ayrılan vəsaitin xərclənmə vəziyyəti, zərərin qiymətləndirilməsi və kompensasiyanın verilməsinə vətəndaş nəzarəti aparmaq məqsədi ilə qeyri-hökumət təşkilatları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı yaradıb. Qərargah üzvləri daşqın zonasında zərər çəkmiş 2000 ailə ilə müsahibələr aparıb. Bütün müsahibələr üzrə anketlər tərtib edib. Amma hakimiyyət təmsilçiləri qərargah üzvlərinin monitorinqlərini davam etdirməsinə imkan verməyib. Onlar yerli polis bölməsinə aparılıb və ərazini tərk etmələri tələb edilib. Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Güləliyev bildirib ki, vətəndaş cəmiyyəti institutları rəsmi qurumların işlərinə nəzarəti davam etdirmək fikrindədir. “Qərargah hökumətə kömək məqsədi ilə alternativ hesabat tərtib edir. Sənəddə baş verən qanunsuzluqlar, əhaliyə dəyən ziyanın alternativ qiymətləndirilməsi və kompensasiyaların paylanması qaydalarına düzgün əməl edilməməsi ilə bağlı faktlar əksini tapıb”.

Öz növbəsində, hökumət komissiyasının məlumatında deyilir ki, daşqının nəticələrinin aradan qaldırılması ilə bağlı işlər uğurla davam etdirilir. 1500 fərdi yaşayış evinin tikintisi başlanıb və oktyabrın sonuna kimi yekunlaşdırılacaq. Fəlakət zonasında yerləşən 20 məktəb binasının təmir və tikinti işləri də dərs ili başlanana kimi başa çatacaq.

İndi isə evləri sökülmək təhlükəsi ilə üzləşən Binəqədi rayonu ərazisindəki qəsəbənin sakinləri şikayətlərinə diqqət yetirək.

1994-96-cı illərdən başlayaraq Bakının 7-ci mikrorayonunda məcburi köçkünlər və qaçqınlar 3500-dən çox fərdi ev tikib və bu evlərin sənədləri yoxdur. Maraqlıdır ki, hazırda 15 min insanın yaşadığı “qanunsuz qəsəbə” hakimiyyət orqanlarının gözləri qarşısında tikilib. İndi həmin “qanunsuz qəsəbə”nin ərazisində Bakı metropoliteni depo tikir və evlər sökülməyə başlanıb. Sakinlər sökülən evlər üçün kompensasiya tələb edir və bu məqsədlə Prezident Administrasiyasına şikayətə gəlib.

XS
SM
MD
LG