Accessibility links

Azərbaycanda elektron bank hesablarını sındıraraq pul oğurlayan dəstə ifşa edilib


Qrup üzvləri xarici vətəndaşların bank kartlarından qanunsuz informasiya əldə edərək, mağazalardan və şirkətlərdən qiymətli əşyalar alıb.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi elektron bank hesablarını sındıraraq, böyük miqdarda pul vəsaitinin oğurlanması ilə məşğul olan mütəşəkkil cinayətkar qrupu ifşa edib.
MTN-in İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, qrupun Azərbaycandakı üzvləri - Rəhman Musayev, Elçin Abdullayev, Emin Zəkiyev, Mikayıl Dadaşlı və başqaları İnternet vasitəsilə mühafizə olunan kompüter məlumatlarına icazəsiz daxil olaraq, 2008-2011-ci illərdə fiziki və hüquqi şəxslərin hesabından iri məbləğdə pul vəsaitləri çəkib.
Qrup üzvləri xarici vətəndaşların bank kartlarından qanunsuz informasiya əldə edərək, mağazalardan və şirkətlərdən məişət texnikası, mobil telefon və digər dəyərli əşyalar alıb, sonradan onları satıb.
Məsələn, Moskvada qeydiyyatdan keçmiş sayt vasitəsilə qrup ABŞ banklarının müştəriləri haqqında məlumat əldə edib. Qrup üzvləri 2011-ci ilin fevral-iyun aylarında bu hesablardan başqa hesablara 6 min 180 manat köçürüb. Sonradan bu vəsait Azərbaycan banklarındakı hesablardan sahiblərinə qaytarılıb.
Bundan başqa, qrup üzvləri xarici vətəndaşların “VİSA” və “Mastercard” hesablarından 9 min 298 manat çəkib və bu vəsaitə İphone və Blackberry telefonları alaraq satıb.
Qrup üzvləri daha bir neçə belə əməliyyat həyata keçirib və növbəti əməliyyatlardan biri zamanı cinayət üstündə tutulub.
Faktla bağlı CM-in 271.2.3 (kompüter informasiyasına müdaxilə yolu ilə böyük məbləğdə ziyan vurma), 177.3.1 və 177.3.2 (mütəşəkkil cinayət qrupun başqasının əmlakını mənimsəməsi) və bir sıra digər maddələri ilə cinayət işi açılıb.
Çoxsaylı dəlillər qrupun fəaliyyətindən dəyən ziyanın yüzlərlə dəfə çox olduğunu hesab etmək üçün əsas verir. İstintaq davam edir.

XS
SM
MD
LG