Accessibility links

Azərbaycanda keçiriləcək parlament seçkilərində mətbuatın rolu müzakirə edilib


Azərbaycanda keçiriləcək parlament seçkilərində mətbuatın rolu müzakirə edilib
Azərbaycanda keçiriləcək parlament seçkilərində mətbuatın rolu müzakirə edilib

ATƏT, hökumət rəsmiləri, media rəhbərləri, siyasi partiyalar seçkilərin mediada ədalətli, əhatəli, düzgün və qərəzsiz işıqlandırılması yollarını müzakirə edib

ATƏT-in Bakı ofisi “2010-cu il - qarşıdan gələn parlament seçkilərində kütləvi informasiya vasitələrinin rolu” mövzusunda dəyirmi masa keçirib. Forumda ATƏT-in Bakı ofisinin rəhbəri, MSK sədri, hökumət nümayəndələri, siyasi partiya rəhbərləri və KİV-lərin təmsilçiləri iştirak edib.

Dəyirmi masada seçkilərin mediada ədalətli, əhatəli, düzgün və qərəzsiz işıqlandırılması yolları müzakirə edilib.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel bildirib ki, plüralist media demokratik seçkilər üçün mühüm əhəmiyyət kəsb edir. ”Mətbuat seçki prosesi dövründə siyasi partiyalar, koalisiyalar, vətəndaşların təşəbbüs qrupları və müstəqil namizədlərin ədalətli, qərəzsiz şəkildə xəbər buraxılışlarında yer almasına, eləcə də müsahibələr, məqalələr, debatlar və kampaniya fəaliyyətini yayımlamaq vasitəsilə onların ədalətli təşviqinə səy göstərməlidir”, - deyə o qeyd edib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov medianın seçki prosesinin bütün mərhələlərini işıqlandırmaqda azad olduğunu bildirib. “KİV seçki prosesinin bütün mərhələlərini izləməkdə azaddır. Hökumət KİV-ə qarşı heç bir məhdudiyyət və ya akkreditə tətbiq etmir. Bu seçkilərdə də belə olacaq. Özəl medianın da seçkiləri işıqlandırması üçün bütün imkanlar yaradılacaq. KİV namizədlərin yarışlarını keçirə bilər, debatlar təşkil edə bilər, namizədlərin imicini formalaşdıra bilər”, - deyə cənab Həsənov bəyan edib.
O, eyni zamanda bildirib ki, seçki prosesinin işıqlandırılması ilə seçki prosesindən sonra seçkilərin işıqlandırılması arasında bir ziddiyyət var. “Seçki prosesindən sonra uduzan namizədlər seçkinin normal keçmədiyini bildirir. Sanki seçki onların udub-uduzması ilə hesablanır. Ümid edirəm ki, media seçkidən sonra əks bəyanatlar verənləri də ifşa edəcək”, - şöbə müdiri vurğulayıb.
ATƏT-in Bakı ofisinin rəhbəri Bilgə Cankorel rəsmilərin seçki ilə bağlı bəyanatlarının ATƏT-in normalarına uyğun gəldiyini deyib. “Əsas məsələ bu normaların seçki dövründə reallaşdırılmasıdır. Ümid edirəm ki, Mərkəzi Seçki Komissiyası və hökumət media ilə bağlı bəyanatlarının arxasında duracaq. Əli Həsənov televiziyalarda bütün namizədlərə balanslı yer veriləcəyini bəyan etdi. Ümid edərdim ki, bu həqiqətdir”, - deyə o qeyd edib.
ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Jaklin Karpenter bildirib ki, seçki prosesində namizədlərlə bağlı xəbərlərin balanslı olması çox vacibdir: “ATƏT-in monitorinqləri var. Son prezident seçkiləri məhdud işıqlandırılıb. Xüsusilə də iqtidarın namizədinə yer ayrılıb. AzTV tərəflilik göstərib və hakimiyyətin namizədini təbliğ edib. Bələdiyyə seçkilərində isə televiziyalar seçki kampaniyasına yer ayırmayıb”.
O, ATƏT-in tövsiyələrini də səsləndirib. “ATƏT tövsiyə edir ki, dövlət televiziyası hökumətin təsirindən çıxarılsın, televiziyalar ayrı-seçkilik aparmadan bütün siyasi partiyalara yer ayırsın”.
Müxalifətdə olan siyasi partiya rəhbərləri seçki dövründə hökumətlərin bəyanatlarının yerinə yetiriləcəyinə inanmadıqlarını bildirib. “Hakimiyyət nümayəndələri iclaslarda doğru danışırlar, amma reallıq onların bəyanatlarından tamamilə fərqlidir. Hamı bilir ki, hakimiyyət seçkiləri saxtalaşdırmağa hazırlaşır”, - deyə “Müsavat” partiyasının başqanı İsa Qəmbər qeyd edib.
O, dövlət televiziyasında namizədlərə pulsuz efir vaxtının ayrılmamasını absurd adlandırıb. “Bu televiziya hətta futbol reportajlarında belə iqtidarı təbliğ edir, amma seçki kampaniyasına yer ayırmır”, - o vurğulayıb.
AXCP sədri Əli Kərimli Prezident Administrasiyasının şöbə müdirinin ittihamlarına cavab verib: “ATƏT-in hesabatında deyilir ki, seçki dövründə dövlət televiziyası vaxtın 94 faizini hakimiyyət namizədinin təbliğinə həsr edib, səslərin hesablanmasının 43 faizi pis və ya çox pis olub. Bu hesabatlarla yanaşı, seçkiqabağı dövrdə televiziyalarda plüralizm, debatlar yoxdursa, seçkilərin demokratik olacağını necə izah edə bilərsiniz?”, - deyə o, Əli Həsənova sualla müraciət edib.
”Yeni Azərbaycan” Partiyası icra katibi Əli Əhmədov isə forumdakı müxtəlif fikirlərin səslənməsini plüralizm adlandırıb. “Seçki zamanı hansısa namizəd kifayət qədər səs toplamayıbsa, bunun seçki prosesi ilə əlaqələndirilməsi düzgün deyil. Azərbaycan müxalifəti 20 ildir ki, müxalifətdədir. Cəmiyyət onları yaxşı tanıyır. Buna görə seçki prosesini və ya medianı günahlandırmaq düzgün deyil”, - o bildirib.
Siyasi partiya rəhbərləri həmçinin diffamasiyanın Cinayətə Məcəlləsindən çıxarılması, regional televiziyaların seçki prosesində rolunun artırılması, reklam haqlarının maksimum həddinin orta əmək haqqına uyğunlaşdırılması, pulsuz efir vaxtının artırılması, bəzi media orqanlarının “kütləvi böhtan vasitəsi” kimi çıxış etməsinin qarşısının alınması, media vasitələrinin iqtidarın və müxalifətin təsirindən çıxarılması və başqa təkliflərlə də çıxış edib.

XS
SM
MD
LG