Accessibility links

Azərbaycanda köhnə və yeni seçki texnologiyalarının mübarizəsi


Azərbaycanda köhnə və yeni seçki texnologiyalarının mübarizəsi
Azərbaycanda köhnə və yeni seçki texnologiyalarının mübarizəsi

Noyabrın 7-si Azərbaycanda Milli Məclisə seçkilər günüdür. Seçkilərdə 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır

Noyabrın 7-si Azərbaycanda Milli Məclisə seçkilər günüdür. Seçkilərdə 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə prosesini 48 mindən çox müşahidəçi, o cümlədən 1024 beynəlxalq müşahidəçi izləyəcək.

Noyabrın 6-da təşviqat kampaniyası başa çatır. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli hesab edir ki, təşviqat dövründə ənənəvi olaraq demokratiya, insan hüquq və azadlıqları sahəsində irəliləyiş qeydə alınmayıb.

Ekspertin fikrincə, təşviqat dövründə namizədlərin mediaya bərabər çıxışı təmin edilməyib, inzibati resurslardan istifadə hallarına yol verilib, ciddi siyasi debatlar qeydə alınmayıb.

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov hesab edir ki, təşviqat dövründə köhnə təbliğat metodologiyaları ilə müasir qərb təbliğat üsulu mübarizə aparıb. Onun fikrincə, müxalif siyasi partiyaların yox edilməsi siyasəti, dini və regionçuluq amillərini gücləndirməkdədir.

Deputatlığa namizəd Bəxtiyar Hacıyev Harvard universitetinin magistridir. O təşviqat kampaniyasını Amerikada son prezident seçkilərində tətbiq edilən texnologiyalar əsasında aparıb. Cənab Hacıyev Amerikada Hillari Klintonun və sonra Barak Obamanın seçki kampaniyasında könüllü kimi çalışıb. O təbliğat kampaniyasını sevinc notları üzərində qurub.

Deputatlığa namizəd Aslan İsmayılov çətinliklərə, qanun pozuntularına baxmayaraq bu ilki təbliğat kampaniyasını irəliyə doğru addım sayır. “Çünki bütün namizədlər seçici səsinə ehtiyac duyur”.

Müxalifətdə olan siyasi partiya rəhbərləri kütləvi aksiyalara imkan verilmədiyindən qapı-qapı kampaniyasına daha çox üstünlük verib. Onlar ev-ev, küçə-küçə gəzərək insanlarla görüşüb. AXCP sədri Əli Kərimli hesab edir ki, Azərbaycanın müstəqilliyi dövründə bu seçki kampaniyası ən məhdududur.

Müsavat Partiyasının başqanı İsa Qəmbər də namizəd olduğu seçki dairəsində seçicilərlə evlərində və məhəllələrdə yüzlərlə görüş keçirdiyini bildirir. Onun dediyinə görə, seçicilərin əsas sifarişləri, gəlirlərinin azlığı, işsizlik, rüşvətin qarşısının alınması və Dağlıq Qarabağ problemi ilə bağlıdır.

XS
SM
MD
LG