14 iyun Ümumdünya Qan Donoru günüdür. 2011-ci ildə Ümumdünya Qan Donoru Gününün əsas devizi “Daha çox qan. Daha çox həyat!” çağırışıdır.
Azərbaycanda qan donorluğu "Qan və onun komponentlərinin donorluğu haqqında" qanunla nizamlanır. Bununla yanaşı, Nazirlər Kabineti 2010-cu ildə "2011-2015-ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı"nı təsdiq edib.
Qanuna görə, Donorlar qan və onun komponentlərini verdiyi gün işdən (təhsildən, xidmətdən) azad edilmək və əlavə istirahət günü almaq, pulsuz yemək və ya yeməyin dəyərini pulla almaq, verdiyi qan və onun komponentləri üçün haqq almaq (pullu donorluq zamanı), donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar sağlamlığının pozulması nəticəsində ona dəymiş zərərin əvəzini, o cümlədən müalicə, tibbi-sosial ekspertiza, sosial-əmək reabilitasiya xərclərini almaq hüququna malikdir. Donor donorluqla əlaqədar əlil olduqda, onun əlilliyi əmək xəsarəti nəticəsində əmələ gələn əlilliyə bərabər tutulur.
Qanun donorlara güzəştlər də müəyyən edib. Belə ki, tələbə donorların təqaüdü 6 ay müddətində 25 faiz artırılır, il ərzində bütün xəstəliklər zamanı əmək qabiliyyətini müvəqqəti itirdikdə iş stajından asılı olmayaraq, tam həcmdə müavinət verilir, il ərzində iş yerindən və ya tədris müəssisəsi tərəfindən müalicə olunmaq üçün güzəştli sanatoriya-kurort müalicəsinə göndərilir.
Öz növbəsində, Nazirlər Kabinetinin qərarında bildirilir ki, 2006-2010-cu illərdə təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artıb.
Hökumət eyni zamanda qeyd edir ki, respublikada irsi qan xəstəliyi olan şəxslərin, aparılan mürəkkəb cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı artırır. Bununla əlaqədar olaraq, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına ehtiyac vardır.
Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Trasfuziologiya İnstitutunun direktoru Azad Hacıyev bildirib ki, donorlardan tədarük olunan qanlar mərkəzləşdirilmiş qaydada Mərkəzi Qan Bankının laboratoriyasında yoxlanılır.
Cənab Hacıyev deyib ki, son illər ölkədə qan donorlarının sayı 3 dəfədən çox artıb. “2007-2008-ci illə müqayisədə bu il qan donorlarının sayında 7-8 min artım var. Bu artım gələn il də davam etdiriləcək”.
Eyni zamanda, son illər ölkədə Səhiyyə Nazirliyinin, Qafqaz Müsəlmanları İdarəsinin, qeyri-hökumət təşkilatlarının çağırışları ilə çoxsaylı könüllü qanvermə kampaniyaları keçirilir.
2011-ci ildə Ümumdünya Qan Donoru Gününün əsas devizi “Daha çox qan. Daha çox həyat!” çağırışıdır.