Azərbaycanda fevral ayında ərzaq məhsullarının qiyməti orta hesabla - 2,2% artıb. Son bir ayda bahalaşan ərzaq məhsullarından şəkər tozu - 9,5%, şəkər - 8,3%, yumurta - 37,5%, kartof - 12,5, soğan -11,1%, xiyar - 17,6%, pomidor - 7,1%, alma isə -33,3% bahalaşıb. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz olaraq qalıb. Bununla yanaşı, mövsümü ötmüş meyvə-tərəvəz məhsullarının qiymətlərində 25-30% bahalaşma müşahidə edilməkdədir. Bu barədə Turan Agentliyi məlumat yayıb.
Ekspertlər son günlərdə ölkədə yeni bahalaşma dalğasının müşahidə edildiyini qeyd edir. Istehlak bazarında süni qiymət artımının qarşısını almaq artıq mümkünsüz hala çevrilib. Son günlərdə şəkərin qiymətinin bahalaşması insanları narahat edən mühüm səbəblərdən biridir. Çünki, şəkərin bahalaşması şəkər və qənnadı məhsullarının da bahalaşmasına təsir göstərir.
Agentlik bildirir ki, istehlak bazarında mövcud qiymət artımını obyektiv amillərlə yanaşı, süni qiymət artımı, süni inflyasiya və inhisarçılıq, hökumətin istehlak bazarına laqeyd münasibəti kimi subyektiv amilləri ilə də əlaqələndirmək olar. Yaxın günlərdə ərzaq məhsulları qiymətlərin nisbətən sabit və bahalaşmağa meylli olacağı proqnozlaşdırılır.
Respublikanın digər böyük şəhərlərindən Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir və Quba şəhərlərində də 2,2%-3% intervalında bahalaşma müşahidə edilib.