Accessibility links

Azərbaycanın rəsmi saytlarına haker hücumları olub (münasibətlər)


hackers
hackers

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi araşdırma aparır, ictimaiyyətə məlumat veriləcək.

Yanvarın 16-da Azərbaycanda hakim “Yeni Azərbaycan” Partiyasının saytı da daxil olmaqla ondan çox rəsmi internet saytlarına haker hücumu olub. Saytlar öz işini bir neçə saat ərzində bərpa edə bilib.
Saytlarda “AzerianCyberArmy” haker qrupunun müraciəti yerləşdirilib. Müraciətdə iqtidar tənqid edilir, “yəhudilərin nökəri”, “dinin düşmələri” kimi ifadələr yer alıb.
İnternet Forum İctimai Birliyinin rəhbəri Osman Gündüz Turan Agentliyinə bildirib ki, Azərbaycanın İnternet resurslarına belə, yaxşı planlaşdırılmış və kütləvi hücum heç vaxt olmayıb. “Bu aksiyanın miqyası və nəticələri Azərbaycana qarşı əsl virtual müharibə başlandığından xəbər verir”.
O hesab edir ki, hakimiyyət araşdırma aparıb, məsələ ilə bağlı rəsmi bəyanat verməlidir. “İlk növbədə “günahkar kimdir və niyə?” sualına cavab verilməlidir”.
Ekspertin fikrincə, dövlət veb-saytlarının serverləri, hostinqləri və proqramları hakerlərə qarşı durmaq iqtidarında olmayıb. “Bu, hakimiyyətin ölkədə internetin inkişafındakı uğurlar haqqında bəyanatlarının nə dərəcədə ciddi olduğunun göstəricisidir”.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bildirib ki, haker hücumlarının səbəbləri və haradan gəldiyi araşdırılır. “Dövlət qurumlarının saytlarının gücləndirilməsi üzrə tədbirlər görülür, ictimaiyyətə araşdırmanın nəticələri haqqında məlumat veriləcək”.
Xatırladaq ki, 2011-ci ilin oktyabrında müstəqil KİV-lərin saytlarına haker hücumlarının artması ilə əlaqədar Redaktorlar Birliyi dəyirmi masa keçirib. Qurum media-saytların xarici müdaxilədən və haker hücumlarından müdafiəsi mexanizmlərinin yaradılması çağırışı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub göndərib.
Azərbaycan 2001-ci ildə beynəlxalq kibercinayətkarlığa qarşı mübarizə konvensiyasına qoşulub.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyalarının İnstitutunun direktoru Rasim Əliquliyev APA Agentliyinə bildirib ki, Azərbaycanda heç bir sayt haker hücumundan sığortalanmayıb. “Hətta dünyanın aparıcı ölkələrinə mənsub olan çox mühüm saytlar da dağıdılır. Bu virtual məkanın, informasiya müharibəsinin gətirdiyi təzahürlərdir. Təəssüfləndirici hal odur ki, Azərbaycanda mühüm dövlət orqanlarının saytlarına hücum edilib. Bunlara qarşı tədbir görmək və mütəxəsis araşdırması aparmaq lazımdır”.
Cənab Əliquliyev qeyd edib kİ, informasiya təhlükəsizliyi dövlətin milli təhlükəsizliyinin əsas komponentlərindən biridir: “Bu hadisə artıq bizim qarşımızda mühüm vəzifə qoyur ki, biz informasiya təhlükəsizliyinin təmin olunması üçün müxtəlif səviyyələrdə işlər aparmalıyıq. Anti-virus, anti-haker proqram məhsullarının tətbiq olunması, Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən qəbul edilmiş informasiya təhlükəsizliyinə dair standartların Azərbaycan tərəfindən qəbul edilməsi, müvafiq qurumlar tərəfindən onun hüquqi statusa gətirilməsi o deməkdir ki, Azərbaycan dövlət qurumlarının veb-saytları yaradılarkən həmin standartların tələblərinə uyğun iş görmək lazımdır”.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə haker hücumlarını siyasi və texniki təxribat kimi qiymətləndirib. “Bu gün bir sıra dövlət qurumlarının saytına olan haker hücumu Azərbaycanın artan nüfuzuna kölgə salmaq məqsədilə təşkil edilib. Məqsəd Azərbaycanın artan nüfuzuna kölgə salmaqdır”- deyə o qeyd edib.

XS
SM
MD
LG