Bu il dünyada 80 jurnalist öldürülüb, 348 jurnalist həbsdədir, 60 jurnalist isə girov saxlanılır - "Sərhədsiz Reportyorlar" təşkilatının dekabrın 18-də dərc etdiyi jurnalistlərə qarşı zorakılıq və amansız rəftar haqqında illik dünya icmalında yer alan məlumatlar belədir.
Bu məlumatlar jurnalistlərə və KİV-ə qarşı düşmənçilik səviyyəsinin görünməmiş həddə artdığını nümayiş etdirir, deyə təşkilatın hesabatında bildirilir.
Xüsusən, qətllərin, həbs cəzalarının, girov götürülmə və zorla qaçırılma hallarının sayı artıb. Jurnalistlər əvvəllər heç vaxt 2018-ci ildə olduğu qədər zorakılığa və amansız rəftara məruz qalmayıblar, deyə hesabatda qeyd edilir.
Belə ki, jurnalistlərin qətllərinin sayı (80) 2017-ci illə müqayisədə (63) 8% artıb.
Çin dünyada qeyri-peşəkar jurnalistlərin ən böyük həbsxanasıdır, Türkiyə isə həbsdə olan peşəkar jurnalistlərin sayına görə dünyada rekorda sahibdir
Səudiyyəli icmalçı Camal Xaşuqcinin və Slovakiyalı jurnalist Yan Kuçyakın geniş rezonans doğuran qətlləri mətbuat azadlığı düşmənlərinin nə qədər uzağa gedə biləcəyini göstərib. 2018-ci ildə öldürülən jurnalistlərin yarısından çoxu əvvəlcə döyülüb.
"Jurnalistlərə qarşı zorakılıq bu il misli görünməmiş həddə çatıb və vəziyyət kritikdir", deyə "Sərhədsiz Reportyorlar"ın baş katibi Kristof Deluar bildirib.
Onun sözlərinə görə, qanuniləşdirilmiş zorakılıq və ədavət jurnalistikanı və demokratiyanın özünü sarsıdır.
Hesabata əsasən, Əfqanıstan 2018-ci ildə jurnalistlər üçün ən öldürücü ölkə olub, burada 15 mətbuat nümayəndəsi öldürülüb.
Daha sonra 11 jurnalistin öldürüldüyü Suriya və 9 jurnalistin öldürüldüyü Meksika gəlir.
İyunda "Kapital" qəzetinin beş əməkdaşının güllələnməsi ABŞ-ı ən öldürücü ölkələr sırasına daxil edib.
Dünyada həbs edilən jurnalistlərin sayı da ötən illə (326 nəfər) müqayisədə artaraq, 348 nəfərə çatıb.
2017-ci ildə olduğu kimi, həbs edilmiş jurnalistlərin yarısından çoxu beş ölkədə: Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və Misirdə saxlanılır.
Çin dünyada qeyri-peşəkar jurnalistlərin ən böyük həbsxanasıdır, Türkiyə isə həbsdə olan peşəkar jurnalistlərin sayına görə dünyada rekorda sahibdir.
Hazırda girov saxlanılan jurnalistlərin sayı 60-dır, bu, ötən illə müqayisədə (54) 11% çoxdur. Onlar hamısı üş Yaxın Şərq ölkəsində: Suriya, İraq və Yəməndə saxlanılır. Onlar arasında beş əcnəbi var.
İraqda İslam Dövlətinin məğlubiyyətinə və Suriyada geri çəkilməsinə baxmayaraq, bu girovların taleyi haqqında məlumat azdır, üç il Suriyada əsir saxlanıldıqdan sonra azadlığa buraxılan Yaponiyalı jurnalist Cumpey Yasud istisna təşkil edir. Ukraynalı jurnalist indiyədək qondarma "Donetsk Xalq Respublikasında" onu casusluqda ittiham edən hakimiyyət tərəfindən saxlanılır.
"Sərhədsiz Reportyorlar" (RSF) BMT, YUNESKO, Avropa Şurasında və s. məsləhət statusuna malik olan beynəlxalq QHT-dir.
Təşkilatın qərargah-mənzili Parisdə yerləşir, dünyanın 17 şəhərində isə (Berlin, Brüssel, Cenevrə, Helsinki, İstanbul, Karaçi, Kiyev, London, Madrid, Mexiko, Rio-de-Janeyro, San-Fransisko, Stokholm, Taybey, Tunis, Vyana və Vaşinqton) nümayəndəlikləri var. Müxbirləri 130 ölkədə və 15 yerli tərəfdaş təşkilatda işləyir.