Accessibility links

Bıçaqda Məmməd İbrahimin əl izi 'yoxdur'


Məhəmməd İbrahim
Məhəmməd İbrahim

AXCP Rəyasət Heyətinin üzvü, həbsdən buraxılmasına iki gün qalmış haqqında yeni cinayət işi başlanan Məmməd İbrahimin yaxın vaxtlarda məhkəməsi başlanacaq. AXCP funksionerinin oğlu Turan İbrahim AzadlıqRadiosuna bildirib ki, atası haqqında yeni cinayət işinin istintaqı başa çatıb. Hazırda cinayət işinin materiallarıyla tanışlıq mərhələsidir.

"İstintaq dövründə vəkil vəsatət qaldırmışdı ki, ekspertiza keçirilsin, atamın yatağından tapıldığı iddia olunan bıçaqda onun əl-barmaq izlərinin olub-olmadığı müəyyənləşdirilsin. Ekspert rəy verib ki, bıçaqda Məmməd İbrahimin əl izi yoxdur", – Turan İbrahim belə deyir.

İstintaq dövründə vəkil vəsatət qaldırmışdı ki, ekspertiza keçirilsin, atamın yatağından tapıldığı iddia olunan bıçaqda onun əl-barmaq izlərinin olub-olmadığı müəyyənləşdirilsin. Ekspert rəy verib ki, bıçaqda Məmməd İbrahimin əl izi yoxdur.
Turan İbrahim

Məhəmməd İbrahim haqqında yeni cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılacaq. Çünki hadisənin baş verdiyi yer - 16 Saylı Cəzaçəkmə Müəssisəsi bu rayonun ərazisində yerləşir.

Məhəmməd İbrahimin üç illik cəza müddətinin başa çatmasına iki gün qalmış onun saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsində yatağından bıçaq tiyəsi tapıldığı iddia olunaraq, ona qarşı CM-in 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq dövrü üçün iki aylıq həbs-qətimkan tədbiri seçib.

CM-in 317-2.1 maddəsində 6 aya qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Məhəmməd İbrahim deyir ki, yatağından tapıldığı iddia olunan bıçaq tiyəsinin ona aidiyyəti yoxdur. AXCP funksionerinin sözlərinə görə, onu həbsdən çıxmasının qarşısını almaqdan ötrü siyasi sifarişlə elə cəzaçəkmə müəssisəsinin əməkdaşları qoyub.

Penitensiar Xidmət isə Məhəmməd İbrahimin dediklərini təkzib edir. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, Məhəmməd İbrahimin yatağından kəsici alət tapılması hal şahidlərinin iştirakıyla həyata keçirilib:

Bizim nəinki o şəxslə, heç bir məhkuma qarşı qərəzimiz yoxdur. Cəzaçəkmə müəssisəsində kiminsə yatağına kəsici alət qoyulması cinayətdir və bizim əməkdaşlar heç bir halda, belə cinayətə yol verməzlər.
Mehman Sadıqov

"Bizim nəinki o şəxslə, heç bir məhkuma qarşı qərəzimiz yoxdur. Cəzaçəkmə müəssisəsində kiminsə yatağına kəsici alət qoyulması cinayətdir və bizim əməkdaşlar heç bir halda, belə cinayətə yol verməzlər. Həmin şəxsin imkanı var ki, müvafiq orqanlara şikayət eləsin, araşdırılsın".

Məhəmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

Mikayıl Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan Məhəmməd İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı Mikayıl İbrahim onları da vurub.

Bundan sonra Məhəmməd İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Həmin cəza sentyabrın 29-da başa çatıb.

(c) AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG