Accessibility links

BƏƏ və İsrail arasında telefon rabitəsi açılıb


Birləşmiş Ərəb Əmirlikləri və İsrail arasında münasibətlərin normallaşması haqda razılığın əldə edilməsindən bir neçə gün sonra avqustun 16-dan başlayaraq telefon rabitəsi açılıb.

BƏƏ və İsrail arasında bundan öncə telefon zəngləri mümkün deyildi. Əvvəllər zəng edildiyi zaman ərəb və ingilis dillərində əlaqə yaradılmasının mümkün olmadığı barədə avtomat cavab verilirdi.

Reuters agentliyi bazar günü BƏƏ-dən İsrailə bir neçə dəfə zəng etdiyi haqda məlumat verib. Associated Press agentliyi isə telefon rabitəsinin yaradılmasını tərəflər arasında təmasların qurulmağa başlamasının ilk təzahürü olduğunu bildirib.

İsrailin bundan öncə bloklanmış bir neçə xəbər saytına da BƏƏ-də internetdə çıxış olduğu bildirilir.

”Mən Birləşmiş Ərəb Əmirliklərinin bloku qaldırması münasibəti ilə təbrik edirəm”, İsrailin Kommunkasiya naziri Yoaz Hendel Twitter sosial şəbəkəsində yazdığı mesajında bildirib.

BƏƏ-nin iki əsas telekommunikasiya operatoru olan Du və Etisalat şərhlə bağlı müraciətlərə hələ cavab verməyib.

İsrail və BƏƏ avqustun 13-də iki ölkə arasında diplomatik münasibətlərin tam normallaşmasına dair razılıq əldə etdiklərini elan edib. Razılaşma ABŞ-ın fəal vasitəçiliyi sayəsində əldə edilib. Sənədlərə əsasən, İsrail rəhbərliyi İordan çayının Qərb sahilində fələstinlilərin gələcək dövlətin bir hissəsi kimi görmək istədiyi bəzi ərazilərin ilhaqı planlarını dayandıracaq.

Birləşmiş Ərəb Əmirlikləri Körfəz bölgəsində İsraillə aktiv diplomatik münasibətlər yaradan ilk dövlətdir. Bundan öncə rəsmi Əbu Dabi yəhudi dövlətinin mövcudluğunu tanımırdı.

XS
SM
MD
LG