Accessibility links

Bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub


Bələdiyyə seçkisi
Bələdiyyə seçkisi

Dekabrın 23-də keçirilən bələdiyyə seçkilərində seçici fəallığı 32,72 faiz olub.

Bu barədə Mərkəzi Seçki Komissiyasının Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.

Onun sözlərinə görə, ölkə üzrə 4 milyon 972 min 356 nəfər səsvermə hüququ olan şəxsdən 1 627 064 nəfəri səs verib.

Azərbaycanda bələdiyyə seçkiləri üzrə səsvermə dekabrın 23-də Bakı vaxtı ilə saat 8-dən 19-dək davam edib.

Seçkilərin ilkin nəticələri beş gün ərzində açıqlanacaq. Bununla yanaşı, seçkilərdə iştirak edən bloger Mehman Hüseynov və gənc fəal Vəfa Nağı kifayət qədər çox səs topladığını bəyan edib.

Ölkə üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Bülletenlərə 41 min 462 namizədin adı daxil edilib.

Seçkilərdə 13 siyasi partiyanın üzvləri namizəd kimi qeydə alınıb. İqtidarda olan Yeni Azərbaycan Partiyası 1606 bələdiyyənin hər birini əhatə etməklə, 14 mindən çox namizəd irəli sürdüyünü bildirib.

Azərbaycanın aparıcı müxalifət qurumları - Milli Şura, Müsavat və Xalq Cəbhəsi partiyaları seçkilərdə iştirak etməyib.

MSK seçkiləri 52 min 636 nəfər yerli, 17 nəfər beynəlxalq müşahidəçinin izlədiyini bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Osmanqızı internet televiziyasına müsahibəsində seçkilərin qanun pozuntusu ilə keçirildiyini bildirib.

"Bu günki bələdiyyə seçkilərinin nəticəsi odur ki, bizi bundan da pis olacaq parlament seçkiləri gözləyir," o qeyd edib.

Yeni Azərbaycan Partiyasının mətbuat xidməti isə bildirir ki, bələdiyyələrə növbəti azad, demokratik və şəffaf seçkilər keçirilib.

"Partiyamızın çoxsaylı müşahidəçilərinin verdikləri ilkin məlumatlara əsasən YAP-ın bu seçkilərdə də seçicilərin tam dəstəyini əldə etdiyini ifadə edə bilərik. Bu inam prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlardan, ardıcıl həyata keçirilən mütərəqqi sosial layihələrdən, ölkəmizin regionda və dünyada artan nüfuzundan irəli gəlir. Hesab edirik ki, dekabr ayının 23-də baş tutmuş növbəti bələdiyyə seçkiləri ölkəmizdə seçki demokratiyasının daha da inkişafına öz töhfəsini verəcək," mətbuat xidməti bildirir.

Azərbaycanda birinci bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Bu il dekabrın 23-də keçirilən seçkilər sayca dördüncü bələdiyyə seçkiləridir.

XS
SM
MD
LG