Çərşənbə günü Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttindən 40 kilometr aralıda yerləşən Bərdə rayonunun (Bakıdan 305 kilometr qərb) ərazisinə raket zərbələri endirib. Kasetli mərmilərin Bərdə şəhərinin mərkəzinə də düşdüyü bildirilir.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, humanitar atəşkəs rejimini pozan Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.
“Ölən və xəsarət alanlar var, mülki infrastruktura ziyan dəyib,” məlumatda qeyd edilir.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-dən çox adam yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Azərbaycan prezidenti İlham Əliyev tvitter səhifəsində yazıb ki, “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək.”
Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev tvitter hesabında yazıb ki, "bu Ermənistanın qəsdən törətdiyi ağır müharibə cinayətidir. Bu Ermənistan dövləti tərəfindən Azərbaycana qarşı genosid aktlıdır.“
Ermənistan Müdafiə Nazirliynin mətbuat katribi Şuşan Stepanyan Bərdə şəhərinin raket atəşinə tutulması barədə xəbəri təkzib edib.
"Guya Ermənistan Silahl Qüvvələrinin Bərdə şəhərini "Smerç" tipli raketlərdən atəşə tutması barədə məlumat əsassız və yalandır," o, Facebook səhifəsində yazıb.
Az sonra Şuşanyan Azərbaycan qüvvələrinin Xankəndində xəstəxananı bombaladıqlarını bildirib.
Bərdə rayonunun ərazisi, çərşənbə axşamı, oktyabrın 27-də axşam saatlarında da Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Azərbaycan Baş Prokurorluğunun məlumatında deyilir ki, oktyabrın 27-də rayonun Qarayusifli kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdən ağır artilleriyadan atəşə tutulması nəticəsində dinc sakinlər Ofelya Cəfərova, Aybəniz Əhmədova, Ehtiram İsmayılov və 7 yaşlı Aysu İsgəndərova həlak olub, 13 nəfər xəsarət alıb.
Bundan öncə, oktyabrın 4-də, 11-də və 17-də Azərbaycanın ikinci böyük şəhəri Gəncə raket atəşinə tutulub. Nəticədə bu şəhərin 26 dinc sakini həlak olub, 138 sakini isə yaralanıb. Çoxsaylı evlər və obyektlər dağılıb.
Azərbaycan Baş Prokuroru bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 392 nəfər yaralanıb.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 111 nəfər yaralanıb.
Azərbaycan və Ermənistan oktyabrın 10-da Rusiyanın, oktyabrın 17-də Fransanın, oktyabrın 26-da ABŞ-ın təşəbbüsü ilə humanitar atəşkəslə bağlı razılıq əldə etsə də, toqquşmalar davam edir.