Accessibility links

Bəxtiyar Hacıyev: Avtoritar rejimlər hətta ən yaxın çevrəsinə güvənmir


İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində ölkədə jurnalistlərin, ictimai-siyasi fəalların, QHT liderlərinin və digər şəxslərin telefonunun dinlənilməsi ilə bağlı yayılan məlumatlardan danışıb. Məlumatlarda Bəxtiyar Hacıyevin telefonunun dinlənilməsi barədə də danışılır.

Belə ki, iyulun 18-də Fransanın Forbidden Stories qeyri-hökumət təşkilatı və müxtəlif ölkələrdən 17 KİV bir sıra ölkələrdə İsrailin NSO Group şirkəti tərəfindən işlənib hazırlanmış Pegasus proqramı vasitəsilə siyasətçilərin, jurnalist və fəalların izlənildiyini bildirib.

Hüquq müdafiəçiləri və jurnalistlər dinlənilən mobil telefonların siyahısını əldə etməyə müvəffəq olub. Siyahıda 50 min nömrə var.

NSO Group-un potensial müştəriləri kimi Azərbaycan, Bəhreyn, Macarıstan, Hindistan, İndoneziya, Qazaxıstan, Meksika, Mərakeş, Ruanda, Səudiyyə Ərəbistanı, Toqo və Birləşmiş Ərəb Əmirliklərinin adı çəkilir. Bu barədə Amnesty İnternational təşkilatının 18 iyul tarixli məruzəsində deyilir.

Amerikanın Səsi: Sizcə Azərbaycan hökumətinin jurnalistlərin, ictimai-siyasi fəalların, QHT fəallarının və onlarla digər şəxslərin telefonunun dinlənilməsi üçün sifariş verməsi hansı zərurətdən irəli gəlir?

Hakimiyyət cinayətkarları, terrorçuları izləmək əvəzinə öz hakimiyyətinə təhdid kimi görünən insanları izləyir.

Bəxtiyar Hacıyev: Biz uzun illər ərzində onu müşahidə etmişik ki, Azərbaycan hakimiyyəti üçün dövlətin maraqları yox, hakimiyyətin maraqları daha üstünlük təşkil edir. Eyni zamanda hakimiyyət cinayətkarları, terrorçuları izləmək əvəzinə öz hakimiyyətinə təhdid kimi görünən insanları izləyir. Məhz buna görə də cinayətkarlar və terrorçular üçün nəzərdə tutulan proqram vasitəsi ilə izlənən şəxslərin siyahısına baxanda, görürük ki, orada siyasətçilər, jurnalistlər, fəallar və qeyri-hökumət təşkilatlarının üzvləri daha çox üstünlük təşkil edir. Çox güman ki, onlar özlərinin ölkədə etdikləri qanunsuzluqlara, cinayətlərə qarşı çıxa biləcək insanları nəzarətdə saxlamaq istəyirlər. Məhz buna görə də onları izləyirlər.

Amerikanın Səsi: Amma indiyədək aydınlaşdırılan telefon nömrələri arasında bir terroristin, Azərbaycan üçün təhlükə yaradan xarici kəşfiyyatın bir əməkdaşının və digərlərinin telefon nömrəsi müəyyən edilməyib. Buna səbəb nədir?

Biz siyahıya baxanda görürük ki, hətta tənqidçi jurnalistlər yox, həm də hakimiyyəti tərifləyən, özlərini hakimiyyətlə xalq arasında bir sipər etmiş insanları belə siyahıya salıblar. Hakimiyyət hətta onlara belə güvənmir.

Bəxtiyar Hacıyev: Səbəb odur ki, Azərbyacan hakimiyyəti dövlətin maraqlarından daha çox öz maraqlarını düşünür. Bir jurnalisti, bir fəalı, bir vətəndaş cəmiyyəti fəalını özü üçün hansısa terrorçudan daha təhlükəli görür. Ola bilər ki, terrorçular da, cinayətkarlar da dinlənilir, amma onlar daha ucuz, daha asan yollarla nəzarətdə saxlanılır. Daha qəliz metodlardan istifadə edərək, daha bahalı proqramlardan istifadə edərək isə jurnalistləri və fəalları izləyirlər. Bu da onu göstərir ki, bunlarda daha çox məlumat ola biləcəyindən ehtiyatlanırlar. Biz siyahıya baxanda görürük ki, hətta tənqidçi jurnalistlər yox, həm də hakimiyyəti tərifləyən, özlərini hakimiyyətlə xalq arasında bir sipər etmiş insanları belə siyahıya salıblar. Hakimiyyət hətta onlara belə güvənmir. Bu da istənilən bir avtoritar rejimin və liderin xüsusiyyətlərindən biridir ki, xüsusilə də avtoritar rejimin sonlarına doğru həmin şəxslərdə bir inamsızlıq formalaşır. Hətta ən yaxın çevrələrinə belə güvənmirlər. Biz bu siyahıya baxanda təxminən bu mənzərəni görürük.

Amerikanın Səsi: Azərbaycanda məhkəmənin qərarı olmadan insanların telefonunun dinlənilməsi hüquqi məsuliyyət yaradır. Sizcə insanların telefonunun dinlənilməsi üçün sifariş verən orqanlar və bu sifarişi yerinə yetirən İsrail şirkəti hansı məsuliyyət daşıyır? Bununla bağlı məhkəmədə iddia qaldıranlar olacaqmı?

Adları siyahıda olan şəxslər əvvəlcə ölkə daxilindəki qurumlara, hüquq mühafizə orqanlarına müraciət edəcəyik. Təbii ki, gözləntimiz yoxdur. Amma, yenə də bu prosedurları keçəcəyik. Sonra məhkəmələrə, daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik.

Bəxtiyar Hacıyev: Birincisi, Azərbaycan hakimiyyəti indiyə qədər bütün pozduğu hüquqları həm də məhkəmə vasitəsi ilə təsdiqləyib. Yəni, istər seçki saxtakarlığı olsun, bu da bir hüquq pozuntusudur, cinayətdir. Amma biz ən azından sonuncu parlament seçkilərində gördük ki, bütün seçki pozuntuları ilə bağlı şikayətləri həm Apellyasiya Məhkəməsi, həm Ali Məhkəmə təsdiq etdi. Nəticədə Konstitusiya Məhkəməsi o qədər böyük şikayətlər olmasına baxmayaraq, seçkilərin nəticələrini təsdiq etdi. Buna bənzər çoxlu misallar göstətmək olar. İkincisi, Azərbaycan hakimiyyəti əgər bu izləməni qanuniləşdirmək istəsə çox rahatlıqla, bir tapşırıqla bir məhkəmədə bir gün ərzində min qərar çıxara bilər ki, tutaq ki, Bəxtiyar Hacıyev hansısa məsələdə şübhəli bilinir və onu izləmək lazımdır. Bu qərarları çıxara bilər. Bu, çox formal bir şeydir. Amma ölkə daxilində olmasa da, ölkə xaricində bu addımlara görə Azərbaycan hakimiyyəti məsuliyyət daşımalıdır. Dünəndən artıq bir neçə hüquq müdafiəçiləri və vəkillər çağırışlar ediblər, o cümlədən biz də bir qrup vətəndaşlar, adları siyahıda olan şəxslər əvvəlcə ölkə daxilindəki qurumlara, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik. Təbii ki, gözləntimiz yoxdur. Amma yenə də bu prosedurları keçəcəyik. Sonra məhkəmələrə, daha sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik. Amma eyni zamanda düşünürəm ki, məsələni bir az da böyütmək lazımdır. Təkcə Avropa Məhkəməsi ilə kifayətlənmək lazım deyil.

Amerikanın Səsi: Ölkədə büdcə vəsaitinin konstitusiya və qanunvericiliyin ziddinə xərclənməsinə sərəncam verən orqanların məsuliyyəti nədir?

Bu həm konstitusiyaya ziddir, həm qanunlara ziddir, həm də ki, insani dəyərlərə ziddir ki, yəni bir insan öz ailəsində, evində oturub siyasi olmayan və yaxud hakimiyyət üçün elə də önəm kəsb etməyən bir məsələ ilə bağlı danışır, amma, kimsə oturub, tutaq ki, hansısa hüquq mühafizə orqanında onun kamerasını açıb ətrafa baxırlar.

Bəxtiyar Hacıyev: Ölkədə dövlət büdcəsinin xərclənməsi təkcə izlənmə məsələsində pozulsa idi, konstitusiyaya zidd olsa idi, qanunlara zidd olsa idi, bu cəmiyyətdə bəlkə də böyük bir surpriz yaradardı. Bir ajiotaj yaradardı. Amma biz görürük ki, dövlət büdcəsi demək olar ki, bütün sahələrdə xərclənəndə ya qanunvericiliyə zidd addımlar atılır və yaxud konstitusiyaya zidd addımlar atılır. Bu məsələdə narahat edən tərəf odur ki, məsələ sadəcə müəyyən şəxslərin telefonlarının dinlənilməsi deyil. Zatən ictimai fəal olan, vətəndaş cəmiyyəti fəalı, jurnalsitlər, siyasətçilər başa düşürlər ki, onlar avtoritar bir ölkədə hansısa fəaliyyətlə məşğul olursa, onalrın telefonları dinlənilə bilər. Buna uyğun addımlar atırlar. Amma İsrailin Pegasus proqramı ilə izlənən şəxslərdə mikrofonun, ön və arxa kameranın (telefondan söhbət gedir-red) şəxsin icazəsi olmadan aktivləşdirilməsi şəxsi həyata kobud surətdə müdaxilədir. Yəni, məsələ sadəcə dinlənmə yox, həm də özəl həyata, şəxsi həyata müdaxilədir. Bu, həm konstitusiyaya ziddir, həm qanunlara ziddir, həm də ki, insani dəyərlərə ziddir ki, yəni bir insan öz ailəsində, evində oturub siyasi olmayan və yaxud hakimiyyət üçün elə də önəm kəsb etməyən bir məsələ ilə bağlı danışır, amma kimsə oturub, tutaq ki, hansısa hüquq-mühafizə orqanında onun kamerasını açıb ətrafa baxırlar. Məsuliyyət böyükdür, həm hüquqi məsuliyyət, həm də mənəvi məsuliyyət. İndi yəqin ki, növbəti mərhələdə zamanla aydınlaşacaq ki, Azərbaycan hakimiyyəti buna necə cavab verəcək.

Amerikanın Səsi: Fikrinizcə, telefonu izlənilən ölkələrin fəalları birləşib beynəlxalq məhkəmə yaradılması üçün təşəbbüslə çıxış edə bilərmi? Çünki bu fakt təsdiqlənərsə, bu, BMT-nin İnsan Haqları Bəyannaməsinə və Avropa İnsan Hüquqları Konvensiyalarına ziddir.

Dünən BMT-nin rəsmiləri, xüsusilə də insan hüquq və azadlıqları ilə məşğul olan rəsmiləri bununla bağlı öz narahatlıqlarını açıq şəkildə ifadə ediblər.

Bəxtiyar Hacıyev: Əslində, düşünürəm ki, bununla bağlı addımlar başlayıb. Çünki, bu hesabatı hazırlayan təşkilat və burada fəal olan bir neçə qeyri-hökumət təşkilatı, beynəlxalq media nümayəndələri var. Onlar ilkin addımları atmağa başlayıblar və təkliflər veriblər. Birinci olaraq, təcili və təxirəsalınmaz odur ki, həmin o telefonlar, hansılar ki, bu virusa yoluxub, onların diaqnostikası və təmizlənməsidir. Növbəti mərhələdə düşünürəm ki, beynəlxalq müstəvidə bu məsələ qaldırılacaq. Artıq məndə olan məlumata görə, dünən BMT-nin rəsmiləri, xüsusilə də insan hüquq və azadlıqları ilə məşğul olan rəsmiləri bununla bağlı öz narahatlıqlarını açıq şəkildə ifadə ediblər. Əgər başqa yerlərdən təşəbbüs olmasa bzi özümüz təşəbbüs edib digər ölkələrdə qanunsuz izlənmə qurbanı olmuş şəxsləri birləşdirib belə bir təşəbbüs irəli sürməyi düşünürük.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Bəxtiyar Hacıyev: Vəziyyətdən çıxış demokratik, insan hüquqlarına və azadlıqlarına və qanunlara, konstitusiyaya hörmət edən bir hakimiyyətin qurulmasıdır.

Qeyd: Bu, ictimai fəal Bəxtiyar Hacıyevin fikirləridir. Azərbaycan hakimiyyəti ölkədə fundamental hüquq və azadlıqların tam təmin edildiyini, hər bir şəxsin qanun qarşısında bərabər olduğunu bəyan edir.

Bununla yanaşı, rəsmi qurumlar ölkədə jurnalistlərin, fəalların, QHT liderlərinin və digər onlarla şəxsin adbaad telefonu vasitəsi ilə izlənməsi barədə yayılan məlumatlara hələ münasibət bildirməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG