Accessibility links

Bəxtiyar Hacıyev: İnsanlar artıq cana gəlib


"Hökumət sosial şəbəkələrdə birmənalı şəkildə vətəndaşlara, vətəndaş cəmiyyətinə uduzur."

İctimai fəal Bəxtiyar Hacıyev Amerikanın Səsinə müsahibəsində sosial şəbəkələrin bloger Mehman Hüseynovun hüquqlarının ictimai müdafiəsində rolu və trol fabriki barədə danışıb.

Amerikanın Səsi: Bloger Mehman Hüseynovla bağlı sosial şəbəkələrdəki fəaliyyətlərin məzmununu qısaca necə ifadə edərdiniz? Sizcə sosial şəbəkələrin cəmiyyətə, ictimai-siyasi mühitə, hökumətə təsirləri hiss edilirmi?

Sosial şəbəkələrdəki canlanma hökuməti o qədər narahat edib ki, artıq ictimai rəyi dəyişdirməyə çalışırlar.

Bəxtiyar Hacıyev: Mehman Hüseynovun birinci həbsi birbaşa onun fəaliyyəti ilə bağlı idi, - hətta bəzi insanlar tərəddüd edirdi ki, Mehman həbsə düşəcəyini bilə-bilə yenə videolarını çəkir, müəyyən məmurların mülklərini ifşa etməyə davam edirdi, - o həbsə hazır idi. Bu baxımdan cəza verilməsi və onun cəzanı çəkməsi normal qarşılanırdı. Amma onun ikinci həbsi, ona qarşı açılmış ikinci cinayət işi birbaşa şərlənmədir. Hamı başa düşür ki, bu normal bir insanın atacağı addım deyil. Həbsdən çıxmasına iki ay qalmış həbsxanada zabiti döysün və xəstəxanalıq etsin. İnsanlar artıq cana doyub. İnsanların özünü ifadə etməsi üçün hazırda təsirlərə məruz qalmayan yeganə azad, müstəqil platforma sosial şəbəkələrdir. Ona görə də bir mobilizasiya başladı. İnsanlar danışmağa başladı və sosial şəbəkələrdə belə bir trend var, əgər hansısa bir məsələ çox müzakirə olunursa, artıq, kənarda öz fikirlərini ifadə eləməyə tərəddüd edən insanlar da prosesə qoşulur. Əgər Mehman Hüseynov aclıq aksiyası keçirəndə ilk günlərdə 10-15 nəfər bu barədə yazırdısa, növbəti günlərdə bu yüzlər oldu, sonra minlər oldu. Sonra bu trend arta-arta gedir. Eyni zamanda Mehman Hüseynov məsələsinə diqqətin bu qədər yuxarı olmasının bir səbəbi var, cəmiyyətdə temperatur (gərginlik hərarəti-red) qalxıb. Çünki bir nəfər, bir gənc özünün şərlənməsinə etiraz olaraq öz həyatını riskə ataraq aclıq aksiyası keçirir. Ata biləcəyi ən son addımı atır. Ona görə də cəmiyyət buna reaksiya verir. Təsirlərə gəldikdə, təbii ki, təsirlər hiss olunur. Həm müxalif çevrə, həm müstəqil çevrə, həm də vətəndaş cəmiyyəti fəallaşıb. Eyni zamanda hökumət artıq müəyyən cavablar verməyə məcbur olub. Penitensiar Xidmət açıqlama verir ki, Mehman Hüseynov aclıq etmir, Ombudsman Aparatından Mehmanın yanına ziyarətə gedirlər. Bütün bunlar göstərir ki, hökumət sosial şəbəkələrdəki canlanmadan və reaksiyadan çox narahatdır. Çünki bir neçəsi istisna olmaqla digər bütün platformalar nəzarətdədir, yəni televiziyalar, qəzetlər, informasiya agentlikləri və sairə. Sosial şəbəkələrdəki bu canlanma hökuməti o qədər narahat edib ki, artıq ictimai rəyi dəyişdirməyə çalışırlar, müxtəlif addımlar atırlar. Amma bu zaman da qeyri-peşəkar addımlar atırlar.

Bəxtiyar Hacıyev: "Hökumət sosial şəbəkələrdəki canlanmadan çox narahatdır"
please wait

No media source currently available

0:00 0:07:56 0:00

Amerikanın Səsi: Sosial şəbəkələrdə trol fabrikinin fikir istehsalı ilə digər iştirakçıların fikirləri arasında hansı fərqli və oxşar cəhətlər görürsünüz? Sizcə trollar ölkədə söyüş və qarğış ritorikasının genişlənməsinə, yoxsa intellektual müzakirərələ təkan verir?

Azərbaycanda troll fabriki çox qeyri-peşəkar, çox aşağı standartlarla idarə olunur

Bəxtiyar Hacıyev: Trollar müxtəlif ölkələrdə istifadə olunur, - həm dövlət səviyyəsində, həm də özəl sektorlarda, -hətta bəzi böyük şirkətlər trollardan istifadə edirlər ki, onlar haqqında ictimai rəy formalaşsın. Bayaq qeyd etdiyim kimi bəzi şirkətlər və dövlətlər düşünür ki, kənar müşahidəçilər bir məsələnin müsbət və yaxud mənfi olmasına qərar verə bilməyəndə insanlar rəylərin çoxluğuna, belə deyək, dəstəyin hansı tərəfdə çox olduğuna baxaraq qərar verir ki, hansı tərəf haqlıdır. O tərəfə də qoşulur. Amma Azərbaycanda troll fabriki çox qeyri-peşəkar, çox aşağı standartlarla idarə olunur. Yəni orta statistik bir internet istifadəçisi hər hansı bir troll profilinin səhifəsinə keçməklə ilk beş saniyədə başa düşür ki , o trolldur. Eyni zamanda, onların istifadə etdiyi profillərin saxta olması bir tərəfə, onların istifadə etdikləri arqumentlər, yazdıqları şərhlərin hamısı hökumətyönümlü mediadan köçürülmüş standart şərhlərdir. Eyni şərhi bəzən yüz posta yazırlar. Hamı başa düşür ki, bu troldur və mövzu ilə əlaqəsi olan şərhlər yazmır, sırf statistika olsun deyə yazır. Təbii ki, bu cəmiyyəti gərginləşdirir. İnsanlar başa düşür ki, biz hansısa ciddi bir məsələni müzakirə etdiyimiz halda yüz şərh yazılır. Bu birmənalı şəkildə hökumət tərəfindən təşkil olunub. Hökumətə qarşı qıcıq, aqresiya, qəzəb yaradır. Eyni zamanda hökuməti gülüş obyektinə çevirir. Amma hökumət nə qədər çalışsa da, son illər, yəni, kifayət qədər çox vəsait xərclənsə də, kifayət qədər səy göstərilsə də, cəmiyyətdə çox az sayda fikir öndərləri var ki, onların yazdıqları bir məsələ sosial şəbəkələrdə bütün cəmiyyətin ictimai rəyini çox rahatca dəyişir. Yəni, hökumətin nəzarətində hər biri 50-60 nəfərdən ibarət olan yüzlərlə saytlar, televiziyalar və s. onların hamısı məlumatı eyni bir şəkildə təqdim edir. O 15-20 nəfər başqa bir şəkildə təqdim etsə cəmiyyət onlara inanır. Çünki onlar müstəqildirlər. İxtimai firki hökumət yox, onlar formalaşdırır.

Amerikanın Səsi: Azərbaycanda ictimai fikrə, demokratik proseslərə təsir baxımdan sosial şəbəkələrdəki fəaliyyəti necə qiymətləndirərdiniz? İctimai-siyasi təşkilatların, hökumət qurumlarının və vətəndaş cəmiyyətinin sosial şəbəkələrdəki fəaliyyətini necə xarakterizə edərdiniz?

Hökumət sosial şəbəkələrdə birmənalı şəkildə vətəndaşlara, vətəndaş cəmiyyətinə uduzur

Bəxtiyar Hacıyev: Son illər ümumiyyətlə müxalif çevrəyə və vətəndaş cəmiyyətinə olan basqılar onunla nəticələnib ki, onlar öz fikirlərini ifadə etməyə başqa platforma tapmayıblar. Gəliblər, sosial şəbəkələrdə öz fəaliyyətlərini davam etdiriblər. Bu əslində müstəqil kəsimə, eyni zamanda demokratik düşərgəyə əlavə bir alət verib ki, orada onların hökumət üzərində açıq-aydın üstünlüyü görünür. Məsələn, elə sizin radionun, müxtəlif müstəqil radioların, müstəqil şəxslərin, blogerlərin səhifələrində çoxsaylı troll postları olur. Həmişə dözümlü yanaşılır. Bir çoxları silinmir. Hamı başa düşür ki, burada yazılan şərhlər trollar tərəfindən yazılıb. Amma hökumətyönümlü saytların səhifələrində yazılanda, hətta Mehmana dəstək aksiyası ilə bağlı ölkə başçısının səhifəsində “Mehmanı Azad edin!” tələbi ilə bir kampaniya başladılmışdı. Cəmi yarım saat sonra bütün şərhlər silindi, həmin şəxslər blok olundu. Bu onu göstərir ki, hökumət sosial şəbəkələrdə birmənalı şəkildə vətəndaşlara, vətəndaş cəmiyyətinə uduzur. Eyni zamanda biz deyə bilərik ki, bir neçə müstəqil televiziya var, həmin televiziyalara youtube, facebook üzərindən baxış sayları dəfələrlə çoxdur, nəinki hökumətin milyonlar xərcləyib ortaya qoyduğu online TV-lər. Bu onu göstərir ki, insanlar hal-hazırda alternativ məlumat almağa acdırlar. Onlar birtərəfli propaqandaların qurbanı olmaq istəmirlər. Müxtəlif tənqidi səsləri eşitmək istəyirlər. Bu səsləri təqdim edən sosial şəbəkələr də birmənalı şəkildə həmin şəxslərin yanında dayanır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG