Accessibility links

Bağlanmış bankların əmanətçiləri aksiya keçirməyə cəhd edib


Azərbaycanda bağlanmış üç bankın - "Amrahbank", "Atabank" və "NBC Bank"ın bir qrup əmanətçisi iyulun 6-da Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Toplaşanların sözlərinə görə, bir neçə aydır öz əmanətlərini geri ala bilmirlər.

"Artıq neçə aydır banklar bağlanıb, bizim pulumuz həmin banklarda qalıb. İndi isə öz pulumuzu ala bilmirik. Müraciət etmədiyimiz qurum qalmadı. Əmanətlərin Sığorta Fonduna da müraciət etmişdik. Heç bir rəsmi cavab verilmir. Ona görə bu gün bura gəldik. Burada da dəfələrlə olmuşuq, amma nəticəsi yoxdur. Gah deyirlər məhkəmə olacaq, gah deyirlər gözləyin. Hərəmizin problemləri var, kimsə müalicə olunmalıdır, kimsə işsiz qalıb. Bu bizim pulumuzdur və biz pulumuzu geri istəyirik," etirazçılardan biri bildirib.

Əraziyə cəlb olunmuş polis əməkdaşları toplaşanlardan ərazini tərk etməyi tələb edib. Bildirilib ki, etirazçılar xüsusi karantin rejimini pozurlar. Sonra toplaşanlardan dörd nəfərdən ibarət qrupa Mərkəzi Banka qəbula keçməyə icazə verilib.

Məsələ ilə bağlı Mərkəzi Bank hələ münsibət bildirməyib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti aprelin 27-də “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunması barədə qərar qəbul edib.

Aprelin 28-də Azərbaycan Mərkəzi Bankı (AMB) inzibatçı təyin etdiyi 4 bankdan ikisinin - Atabank ASC-nin və Amrah Bank ASC-nin lisenziyalarını ləğv edib.

Azərbaycanda bank sektoru ilə bağlı qısa məlumat

Azərbaycanda hazırda 29 kommersiya bankı fəaliyyət göstərir.

Bank sektorunda problemlər əsasən 2015-ci il devalvasiyasından sonrakı dövrə təsadüf edir.

Belə ki, 2015-2018-ci illərdə ölkədə on kommersiya bankı bağlanıb.

Bununla yanaşı, ekspertlər bank sektorunda böyük problem kimi səhmlərinin 51 faizi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankını göstərir.

Bankın idarə heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsi onu 16 il 6 ay azadlıqdan məhrum edib. O və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

Rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Cahangir Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.

Aparılmış istintaqla Cahangir Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG