Accessibility links

Bağlanmış bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında aksiya keçirib


Bağlanmış bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında aksiya keçirib
Bağlanmış bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında aksiya keçirib

Bu ilin aprelində bağlanan 4 bankın, - AtaBank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-nin bir qrup əmanətçisi bu gün, iyulun 21-də Mərkəzi Bankın binasının qarşısında etitaz aksiyası keçirib. Aksiyada iştirak edən əmanətçilər hesab edir ki, banklar onları aldadıb. Belə ki, Mərkəzi Bankın bağlanan bankların əmanət qəbul etməməsi barədə qabaqcadan qərarı olmasına baxmayaraq bu banklar vətəndaşlardan əmanət qəbul edib və həmin əmanətlər sığortalanmayıb. Bu səbəbdən də bir çox əmanətçi hazırda əmanətlərini geri ala bilmir.

Mərkəzi Bankın İdarə Heyəti bu il aprelin 27-də AtaBank ASC, AGBank ASC, NBCBank ASC və Amrah Bank ASC-yə müvəqqəti inzibatçılar təyin edib. Onların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.

Qanunvericiliyə görə, bağlanan bankın əmanətçilərinin vəsaitləri 3 ay müddətində qaytarılmalıdır.

Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, "Amrah Bank"da aparılan yoxlamalar göstərib ki, bu bankda da "AtaBank"da olduğu kimi ciddi kapital çatışmazlığı var. Buna baxmayaraq Mərkəzi Bankının sədri əmanətlərin may ayının sonundan qatraılacağını deyib.

Bu günki aksiya zamanı Mərkəzi Bankın nümayəndəsi bildirib ki, bağlanan dörd bankda əmanətçilərin 670 milyon manat qorunan əmanətləri olub.

“Bu günədək həmin əmanətlərdən 300 milyona yaxını qaytarılıb. Qalan əmanətlərlə bağlı problem isə həllini tapacaq.”

Bu zaman etiraz edən əmanətçilərdən biri deyib ki, banklar dələduzluq edərək müqavilə adı altında vətəndaşları aldadıb.

“Mərkəzi Bank qadağa qoyduğu halda banklar bizim əmanətləri qəbul edib. Amma, əmanətlər sığortalanmayıb. Bu insanlar dələduzluq edərək vətəndaşların vəsaitini mənimsəyib. Onlar barədə hüquqi tədbirlər görülməlidir,” etirazçı qeyd edib.

Digər etirazçı Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondunu günahlandırıb.

“Mərkəzi Bankın qərarı var idisə bizdən niyə əmanət qəbul edirdilər? Məkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu, digər qurumlar bu banklara niyə nəzarət etməyib. Mərkəzi Bankın qərarı ictimaiyyətə niyə elan edilməyib? İndi bizim əmanətləri alıb dövriyyəyə buraxıb qazanc əldə ediblər. Özlərinə villalar tikiblər. Villalarını satıb bizim pulumuzu qaytarsınlar,” etirazşı qadın qeyd edib.

Mərkəzi Bankın nümayəndəsi bildirib ki, Mərkəzi Bank və hökumət problemli əmanətlərin qaytarılması üçün çalışır.

“Mərkəzi Bank hökumətə müraciət edib. Hökumət isə Konstitusiya Məhkəməsinə müraciət edib. İyulun 28-də məsələyə Konstitusiya Məhkəməsi baxacaq. Konstitusiya Məhkəməsinin qərarının vətəndaşların xeyrinə olacağına ümid edirik. Çünki, burada vətəndaşların günahı yoxdur. Belə problem Dəmir Bank bağlananda da yaranmışdı. Konstitusiya Məhkməsi vətəndaşların xeyrinə qərar qəbul etdi. Ümid edirik ki, bu dəfə də belə olacaq,” o qeyd edib.

Polis aksiya zamanı COVİD-19-la bağlı qaydalara əməl olunmasına, sosial məsafənin saxlanılmasına nəzarət edib. Aksiya insidentsiz ötüşüb.

XS
SM
MD
LG