Accessibility links

Baş infeksionist: Epidemioloji durum son həftələr pisləşməkdə davam edir


Arxiv fotosu - Qoruyucu geyimdə olan şəxslər Bakı şəhərinin küçələrində dezinfeksiya işləri aparır.
Arxiv fotosu - Qoruyucu geyimdə olan şəxslər Bakı şəhərinin küçələrində dezinfeksiya işləri aparır.

Aparılan karantin tədbirlərinə baxmayaraq təəssüflə qeyd olunmalıdır ki, epidemioloji durum son həftələr pisləşməkdə davam edir.

Bu sözləri Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun bildirdiyinə görə, yoluxmaların sayı artdıqca istənilən şəxsin yaşadığı, işlədiyi yerdə, xüsusən də müxtəlif fəaliyyətlə bağlı qapalı mühitlərdə virusun potensial gəzdiriciləri ilə təmas ehtimalı artır.

Baş infeksionist hesab edir ki, vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar.

“Belə məsuliyyətsiz insanlara bir daha onu demək istərdik ki, bu yolverilməzdir və yoluxma zənciri böyüdükcə infeksiya bumeranq effekti ilə qayıdaraq bu dəfə sizlərin ən əziz insanlarını da qurban seçə bilər. Məhz belə bir şəraitdə fərdi qoruyucu vasitələrdən düzgün və hamılıqla istifadə edərək maksimum yararlanmaq çox vacibdir. Bilmək lazımdır ki, heç bir şəxs bu infeksiyaya yoluxmadan sığortalı deyil. Ona görə də özümüzü qorumaqla həm yaxınlarımızı, həm də bütünlükdə xalqımızı qorumuş olarıq” - deyə, o qeyd edib.

Öz növbəsində yerli mediayaya açılqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib ki, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır.

"Ən vacib qabaqlayıcı tədbir əl və tənəffüs gigiyenası qaydalarına riayət etmək (müvafiq olaraq maska taxmaq da daxil olmaqla), digər insanlarla məsafə saxlamaq və müntəzəm olaraq qapalı yerləri havalandırmaqdır", o bildirib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn ilin yanvar ayının 31-dək davam edəcək.

Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də Azərbaycanda xüsusi karantin rejiminin müddətinin yanvarın 31-dək uzadılması haqda qərar verib. Qərargahın məlumatına görə, son aylarda yaşanan yüksək yoluxma səviyyəsi nəzərə alınaraq, virusun yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində sərtləşdirilmiş karantin tədbirlərinin həyata keçirilməsinə qərar verilib.

XS
SM
MD
LG