Accessibility links

Baş infeksionist: Vaksinasiyanın dövlət hesabına aparılması nəzərdə tutulur


Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi

“Vaksinasiya prosesi mərhələlərlə həyata keçirilir.“

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə açıqlamasında deyib.

O qeyd edib kiə, əksər ölkələrdə birinci mərhələdə əhalinin risk qruplarına aid edilən daha həssas hissəsi bu prosesə cəlb olunur. Bu əhali qruplarına ilk növbədə tibb xidməti işçiləri, tənəffüs sisteminin xroniki xəstəlikləri olan şəxslər, yaşı 65-dən yuxarı olan insanlar və digərləri aiddir.

“Hazırda bir sıra ölkələrdə yeni koronovirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu ölkələr ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Bu ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98%) qiymətləndirilib. Lakin müxtəlif əhali qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşəcək. Eyni zamanda müşahidələr əsasında vaksinasiya vasitəsilə yaradılmış süni immunitetin nə qədər davamlı olması və yoluxmadan qoruma müddəti də müəyyən ediləcək”.

Təyyar Eyvazovun sözlərinə görə, vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

"Kütləviliyinin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur. Xüsusən vaksinasiyadan imtina edən şəxslərin yoluxaraq xəstələnmə riskinin hər zaman qalması izah edilməlidir".

Vaksinasiyadan sonra xəsəliyin başa çatıb-çatmayacağı məsələsinə münasibət bildirən baş infeksionist qeyd edib ki, vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır.

“Müxtəlif mutasiyalar nəticəsində virusun mövcud peyvəndlərin təsirindən yayınması nəzəri cəhətdən mümkün olsa da hələlik yeni koronavirus infeksiyası üçün belə faktlar təsdiqlənməyib.

Pandemiya dövrü biz hava-damcı infeksiyalarından qorunma və gigiyena qaydaları barədə bir çox məlumatlar əldə etdik, müəyyən təcrübə qazandıq. Bu qaydalara gələcəkdə də, xüsusən respirator virus infeksiyalarının mövsümi artımı müşahidə edilən payız-qış fəsillərində əhali tərəfindən əməl olunması arzuolunandır və yoluxma hallarının azalması kimi müsbət təsirlərə səbəb olacağı düşünülür".

Eyvazov deyib ki, geniş yayılmış və uzun müddət davam edən infeksiyalara qarşı peyvəndlər ölkələrin milli peyvənd təqviminə salınır.

"Yeni koronovirus infeksiyasına qarşı vaksinasiyanın milli təqvim planına salınması zəruriliyi müxtəlif ölkə alimləri tərəfindən müzakirə olunur və bu məsələnin həllinin zamana ehtiyacı vardır".

Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, “Azərbaycanda vaksinasiyanın yanvarın əvvəlindən etibarən başlanması gözlənilir.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar.

“Azərbaycanda peyvənd pulsuz vurulacaq,” Bayramlı qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

XS
SM
MD
LG